Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadın üzgüçülər komandası 4×200 metr sərbəst üsulla estafet yarışında bürünc medal qazanıb.
Komandanın üzvü Fatimə Alkərəmova yarışdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, emosiyalar yüksək olsa da, qarşıda hələ dörd yarış günü olduğuna görə sakit qalmağa çalışırlar:
“Estafet yarışında əlimizdən gələni etdik. İnanıram ki, digər estafetlərdə daha yaxşı nəticə göstərəcək, fərdi şəkildə də medallar qazanacağıq. Ağır məşqlər keçdik, yığmaya yeni məşqçilər gəlib və Rəşad Əbdürəhmanov bizə çox kömək etdi. Artıq hansı məsafələrdə medallar qazana biləcəyimizi bilirik”.
Yığmanın digər üzvü Mehri Əbdürrəhmanlı isə komandanın əldə etdiyi nəticədən məmnunluğunu ifadə edib:
“Üçüncü yer bizim üçün çox önəmlidir. Bu uğur üçün çox çalışmışdıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Qarşıda bir neçə yarışımız var və inanıram ki, medallarımızın sayını artıracağıq”.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
