Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə məqalə ilə çıxış edib.
Məqalədə qeyd olunur:
“Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir,” – deyirdi Ümummilli Lider Heydər Əliyev. Bu sözlər bir rəmzin mahiyyətindən çox, bir millətin azadlıq fəlsəfəsini ifadə edir. Hər il noyabrın 9-da bu müqəddəs rəmz qarşısında baş əyərək, üçrəngli bayrağımızın mavi rəngində türk kimliyimizi, qırmızı rəngində müasir dünyaya açılan yolumuzu, yaşıl rəngində isə milli-mənəvi dəyərlərimizi görürük.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar xalqımızın milli kimliyinə, dövlət rəmzlərinə və dövlətçiliyinə olan dərin hörmətinin göstəricisidir.
Üçrəngli bayrağımızın tarixi 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətindən başlayır. Həmin il noyabrın 9-da qəbul edilən bu bayraq, qısa ömrünə baxmayaraq, bütöv bir xalqın istiqlal iradəsini və milli ruhunu təcəssüm etdirib. Bayrağın müəllifi Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası bu gün də xalqımızın mənəvi kompası olaraq qalır.
Sovet dövründə endirilən bu bayraq, xalqın qəlbindən heç vaxt enmədi. 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən qaldırıldı. Bu hadisə Azərbaycanın müstəqilliyinin bərpasının müjdəçisi oldu. 1991-ci il fevralın 5-də isə Ali Sovet bu bayrağı rəsmi dövlət atributu kimi qəbul etdi.
Dövlət Bayrağı bu gün müstəqil Azərbaycanın suverenliyinin, birliyinin və əbədiliyinin rəmzidir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanı və burada yerləşən Dövlət Bayrağı Muzeyi bu müqəddəs simvolun əzəmətini daha da ucaldıb. 2024-cü ildə yenidən açılan meydanda dalğalanan dünyanın ən böyük bayrağı və “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin əbədi nişanəsidir.
Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır.” Bu fikir milli kimliyimizin dərin mənəvi sütununu təşkil edir.
Bu gün üçrəngli bayraq azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun əbədi simvoludur. O, Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda ucalarkən xalqımızın yüzillik arzusu gerçəkləşdi, şəhidlərimizin ruhu rahatlıq tapdı.
Prezident İlham Əliyevin sözləri ilə: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımızdır, ürəyimizdir.”
9 noyabrda dalğalanan bu üçrəngli bayraq hər bir azərbaycanlının qəlbində ucalır və o ucalıqdan yalnız azadlıq görünür.
