🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Jurnalistlərdən Prezident İlham Əliyevə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik

Azərbaycan.media xəbər verir ki, Azərbaycan jurnalistləri adından Mətbuat Şurasının İdarə Heyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur:
“Möhtərəm cənab Prezident,
Dövlətimizin rəhbəri və Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik və prinsipial siyasətiniz, xalqımızın sarsılmaz iradəsi, dövlət-xalq birliyi və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində 8 Noyabr – Zəfər Günü müasir tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Bu tarixi günün 5-ci ildönümünü böyük qürurla qeyd edirik.
Siz yalnız hərb meydanında deyil, eyni zamanda diplomatiya və informasiya cəbhələrində aparılan mübarizədə də qələbənin əsas memarısınız. 44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıq nüfuzlu media qurumuna verdiyiniz müsahibələrdə Azərbaycanın haqq səsini və tarixi ədalətin bərpası uğrunda mübarizəmizi yüksək peşəkarlıqla çatdırdınız. Qərəzli suallara belə təmkin və faktlarla cavab verərək xalqımızın mövqeyini bütün dünyaya nümayiş etdirdiniz.
Azərbaycan mediası Sizin ətrafınızda birləşərək cəbhə bölgəsindən, diplomatik və informasiya səngərlərindən vətəndaşları və beynəlxalq ictimaiyyəti operativ və obyektiv məlumatlandırdı. Jurnalistlərimiz Sizin nümunənizdən ilham alaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, dezinformasiya və təxribatlara qarşı mübarizədə peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdilər. Onlar informasiya cəbhəsinin əsgərlərinə çevrilərək Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər.
Müharibə artıq geridə qalıb, xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və “Böyük Qayıdış” dövrünü yaşayır. Sürətlə həyata keçirilən bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Bu prosesdə media da fəal iştirak edərək görülən işləri işıqlandırır və Vətən torpaqlarına qayıdan insanların sevincini, quruculuğun miqyasını və dövlət siyasətinin mahiyyətini dolğun çatdırır.
Sizin mediaya göstərdiyiniz diqqət jurnalistlər üçün həm mənəvi dəstək, həm də böyük stimul mənbəyidir. Medianı milli maraqların müdafiəsində mühüm qüvvə kimi qiymətləndirməyiniz və onun azad, məsuliyyətli və vətənpərvər fəaliyyətinə verdiyiniz önəm ölkəmizdə media mühitinin inkişafına yeni nəfəs gətirib. Bu inkişafın bariz nümunəsi isə Şuşa Qlobal Media Forumudur – ölkəmizin mədəniyyət paytaxtında keçirilən bu mötəbər tədbir Azərbaycanın dünyaya bəyan etdiyi sülh, ədalət və əməkdaşlıq mesajını əks etdirir.
Möhtərəm cənab Prezident, bu möhtəşəm və tarixi gündə Sizi media ictimaiyyəti və jurnalistlərimiz adından təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı və milli dövlətçiliyimizin möhkəmlənməsi naminə ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq.
Qoy, bu Zəfər gələcək nəsillərə milli birlik, dövlətçilik və qürur nümunəsi olsun!”
Mənbə: Azərbaycan.media