🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ancelina Colinin kortej sürücüsü Dmitri Pişçikov Ukrayna ordusuna çağırılıb

Azərbaycan.media xəbər verir ki, Hollivud ulduzu Ancelina Colinin kortejində sürücü kimi işləyən Dmitri Pişçikov Ukrayna Silahlı Qüvvələrinə çağırıldığını təsdiqləyib.

Publika.az-ın məlumatına görə, Pişçikov “TSN” televiziya kanalına açıqlamasında bildirib ki, o, yoxlama məntəqəsində saxlanılıb və hərbi tibbi komissiyanın rəyi daxil olmaqla bütün sənədləri qaydasında olmasına baxmayaraq, “təfərrüatları dəqiqləşdirmək üçün” hərbi komissarlığa aparılıb.

“Plan belədir: təlimi başa vurmaq və orduda xidmət etmək”, – deyə o əlavə edib. Sürücü həmçinin hərbi komissarlıq zabitlərinin yoxlama məntəqəsində və saxlanma zamanı davranışından narazı olduğunu qeyd edib.

Qeyd olunur ki, Ancelina Coli bir neçə gün əvvəl Ukraynanın Xerson şəhərinə səfər etmişdi. Səfər zamanı kortejdəki nəqliyyat vasitələrindən birinin sürücüsü Pişçikov şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyi üçün hərbi komissarlıq əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun ehtiyatda olan zabit olduğu və səfərbərlikdən möhlət üçün əsasının olmadığı müəyyən edilib.

Ancelina Colinin xahişinə baxmayaraq sürücü azad edilməyib. Məlumatda həmçinin bildirilir ki, Dmitri Pişçikov Ukrayna Silahlı Qüvvələrinə dəfələrlə ianə göndərib və hətta avtomobilini orduya bağışlayıb.