Kapadokya Ədəbiyyat Festivalı çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universitetində, Camlı Köşk Diyanet Genç Ofis Bürosunda Azərbaycandan və Türkiyəden qadın yazarların şeirləri və hekayələrindən ibarət yeni çapdan çıxmış “HAZARDAN AKDENİZ’E” antologiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru Prof. Dr. Semih Aktekin, HECE dərgisinin qurucusu və imtiyaz sahibi Ömer Faruk Ergezen, antologiyanın redaktorları Ayşe Ay və Aysel Nəsirzadə, Güfte Edebiyat Dergisi İmtiyaz Sahibi Esra Kösem eləcə də Türkiyə və Azərbaycandan olan şair və yazıçılar Berrin Yüksel, Lamiya Shirvanzada, Yazar Aytekin Yılmaz,Osman Aytekin, Naime Erkovan, Mehmet Kahraman, Huriye Emre, Yavuz Selim Uğurlu, Feyza Kartopu, Veli Ay iştirak ediblər.
Eyni zamanda tədbirdə Fən-Ədebiyyat Fakültəsi Dekan köməkçisi Doç. Dr. Murat Gür, Çin Dili ve Edebiyatı Anabilim Dalı Başkanı Doç. Dr. Sema Gökenç Gülez, Türk Dili ve Edebiyatı Bölümü doktora və magistr tələbələri, Mahalle Mektebi dərgisinin baş redaktoru Ulvi Kubilay Dündar və Diyanet Gənc Ofis Təmsilcisi Duran Küçük də iştirak ediblər.
Təqdimat redaktorların çıxışı ilə başlayıb, universitet rektorunun Azərbaycanla bağlı səmimi fikirləri və iki ölkə arasında ədəbi-mədəni bağların gücləndirilməsinin vacibliyindən bəhs edən çıxışı ilə davam edib. Tədbirdə qeyd olunub ki, bu cür ortaq layihələr yalnız ədəbi mühitin deyil, Azərbaycan–Türkiyə dostluğunun da möhkəmlənməsinə xidmət edir.
Ömer Faruk Ergezen çıxışında qadın yazarların son illərdə ədəbiyyatda artan fəallığını və məhsuldar fəaliyyətini sevindirici hal kimi dəyərləndirib.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, “HAZARDAN AKDENİZ’E” antologiyası təkcə bir kitab deyil, iki qardaş xalqın ədəbiyyat körpüsüdür. Layihənin davamlı olması, həm Azərbaycanda, həm də Türkiyədə təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır. Antologiyanın əsas məqsədi isə iki ölkənin yazarlarını ortaq bir platformada birləşdirməklə, onların yaradıcılığını qarşılıqlı tanıtmaq və ədəbi birlik ruhunu gücləndirməkdir.
Aysel Nəsirzadə
Azərbaycan.media
