🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Sözümüzün zəfəri – Zəfərimizin sözü” adlı ədəbi-bədii gecə

 

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına mədəniyyət evinin birgə təşkilatçılığı ilə zəfər tariximizin 5 illiyinə həsr olunmuş “Sözümüzün zəfəri – Zəfərimizin sözü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Poeziya Evində gerçəkləşib.
Gecənin əvvəlində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru Adil Səfərov çıxış edərək iştirakçıları salamlayıb, ədəbi-bədii gecənin məqsəd və məramı haqqında geniş məlumat verib, Zəfərin 5 illik yoluna, bu illər ərzində qazanılan uğurlara nəzər salıb.
Daha sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək qeyd edib ki, necə ki, döyüş meydanında taktika və cəsarət vacibdirsə, diplomatik masalarda da söz eyni dərəcədə qüvvə və təsir gücünə malikdir. O, sözü “qələm əhli”nə – ədəbiyyat nümayəndələrinə verib.
Gecədə tanınmış yazarlar və şairlərdən Rafiq Yusifoğlu, Ümid Abbas Nihani, Hikmət Fərzəli, Elvin İntiqamoğlu, Elşad Xaqan Davudoğlu və Zakir Zahir vətənpərvərlik ruhunda şeirlərini səsləndiriblər.
Tədbir boyu musiqi və rəqs nömrələri də gecəyə xüsusi rəng qatıb. Hüseyn Səlimovun rəhbərlik etdiyi “Nice” rəqs qrupunun çıxışı, eləcə də Pənah Məmmədli və Hüseyn Məmmədovun ifasında səslənən mahnılar məclisə əsl Zəfər ovqatı bəxş edib.
Gecə, həm sözün, həm də zəfərin bir daha birlikdə ucaldıldığı, milli qürur və birliyin tərənnüm olunduğu unudulmaz bir ədəbi-bədii bayrama çevrilib.

 

İlhamə Məhəmmədqızı

Mənbə: Azərbaycan.media