Haqqı qorumaq insanın öz mənəviyyatına, ləyaqətinə və Yaradanına qarşı dürüstlüyünün ən böyük ölçüsüdür. İnsan nə qədər var-dövlət toplasa da, nə qədər şöhrət qazansa da, haqqı tapdaladığı anda bütün qazandıqlarının mənası itir. Çünki insanlığın əsası malla, məqamla deyil, haqq qarşısındakı dayanıqlıqla ölçülür. Haqq, sadəcə “başqasının əmlakına toxunmamaq” kimi dar çərçivəyə sığmır; haqq insanın iç dünyasında yaşayan, onu hara dönsə izləyən vicdanın səssiz, amma sarsılmaz çağırışıdır. O səs insana deyir ki, “Doğru çətindir, amma ucaldandır; yalan isə asandır, amma uçuruma aparır.”
İnsanın haqq qarşısında verdiyi hər qərar onun daxili keyfiyyətinin güzgüsüdür. Bəzən bir qəpiyi qaytarmaqla insan böyük mərtəbəyə yüksələr, bəzən də kiçik bir haqsızlıqla illərlə yığdığı hörməti itirər. Çünki haqqın böyüyü-kiçiyi yoxdur — haqq bütövdür, bölünməzdir, zərbə alan kimi insanlıq da zərbə alır. Birinə sizin əmanət etdiyiniz sözü qorumaq, arxasınca danışmamaq, zəifin haqqını müdafiə etmək, güclünün qarşısında əyilmədən düzünü demək… bunların hər biri insanın daxilində davam edən görünməz bir savaşdır. Bu savaşın qalibi olanlar insanlıq zirvəsinə qalxır, məğlub olanlarsa nəfsin dustağına çevrilir.
Haqqı qorumağın ən çətin tərəfi odur ki, insan bəzən haqqın yanında dayananda tək qalır. İnsanlar çox zaman susmağı “müdriklik”, haqsızlığa göz yummanı “ağıllı davranış” kimi qələmə verirlər. Amma tarix susanların yox, haqqın yanında dayananların adını yaşadır. Haqqı qoruyan insan bəzən tənqid hədəfi olur, bəzən sıxışdırılır, bəzən haqsızlıq edənlər onu zəiflikdə ittiham edir. Lakin insan üçün ən böyük güc kütlənin deyil, vicdanın alqışıdır. Vicdanın səsi isə yalanı, riyanı, haqsız qazanılmış varı heç vaxt qəbul etmir.
Haqqı qorumamaq bəzən insana uğur kimi görünür — qazancı artar, işi yolunda gedər, nüfuzu böyüyər. Amma bu, yalnız görünən tərəfdir. Görünməyən tərəfdə ruhun itirdikləri, həyatın aldığı bərəkət, ömrün içindən yavaş-yavaş çəkilən nur var. Çünki kainat ədalət üzərində qurulub. İnsan zülm edərsə, gec-tez zülmün kölgəsi onun öz yoluna düşür. Haqqı yeyən insan bir müddət güclü görünə bilər, amma sonunda həyatın tarazlığı onu geri çağırar: kimə nə etmişsə, eyni ölçüdə öz ömründə qarşısına çıxar.
Haqqı qorumaq həm də ruhi böyüməkdir. Bu, insanın öz mənini cilalaması, xasiyyətini saflaşdırması, nəfsinə qarşı qalibiyyəti deməkdir. Haqq adamın sözünə səmimiyyət, üzünə nur, ömrünə hüzur qatır. Haqqı tapan isə içindən çürüyər, nə qədər gülüb danışsa da, daxilində daimi bir narahatlıq yaşayır. Heç bir haqsız qazanc, heç bir oğurlanmış üstünlük vicdanın boşluğunu doldura bilmir.
Haqqı qorumağın başqa bir uca tərəfi də var: insan başqasının haqqını qoruduqca öz qismətini də qoruyur. Çünki Allahın yazdığı nizam belədir — kim ədalətli olarsa, ədalət də ona tərəf qayıdar; kim haqqı tapdalamazsa, onun haqqını da heç kəs tapa bilməz. Haqqı qoruyan insanın rizqində bərəkət, ömründə hüzur, addımında nur olur. Bu insanlar həyatdan gedəndə belə arxalarında gözəl ad, halallıqla xatırlanan miras qoyurlar.
İnsanın böyüklüyü heç vaxt maddi imkanları ilə ölçülmür. Böyüklük, haqqın qarşısında əyilməmək, haqsızlığın qarşısında isə susmamaqdır. Ən uca məqam budur. Çünki haqqı qorumaq tək özümüz üçün yox, toplum üçün də bir məsuliyyətdir. Haqqı qoruyan tək bir insan belə olsa, o, bütöv bir cəmiyyətin çırpınan vicdanı olar. Birinin əli ilə edilən ədalət onlarla insana nümunə, yüzlərlə insan üçün ümid olur.
İnsanlar dünyadan gedəndə onların var-dövləti unudulur, amma haqqı necə qoruduqları heç vaxt unudulmur. Çünki zaman insanların addımlarını yox, ədalətlərini xatırlayır.
Nəticə olsraq,
haqqı qorumaq insan olmaq, vicdanla nəfəs almaq, Yaradanın əmanətinə sədaqət göstərməkdir. Bu imtahan çətin, bəzən ağrılı, bəzən tənha, amma ucalığa aparan yoldur. Haqqı qoruyan insan həm dünyasını abad edir, həm axirətini. Haqqın yanında durmaq, əsl cəsarət, əsl mərdlik, əsl böyüklükdür. Haqqı qoruyan insan yaşayır, yaşadır, keçib gedəndə belə nur qoyur. Ona görə də həyatın ən doğru seçimi, haqqın yanında dayanmaq, ən böyük müvəffəqiyyəti, vicdanın alqışını qazanmaqdır.
Müəllif: Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil və tənqidçi. Şair-publisist.
03.11.2025
Mənbə: Azərbaycan.media
