🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AzTV qonorar sistemindən tam imtina edir – Yeni əməkhaqqı modeli tətbiq olunur

Azərbaycan.media xəbər verir ki, artıq bir neçə ildir “AzTV” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qonorar sistemindən tam imtina edərək maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparır.

Telekanaldan verilən açıqlamaya görə, proses çətin olsa da, məqsəd vahid və şəffaf ödəniş sisteminə keçməkdir. Qeyd olunub ki, AzTV yaranandan bəri əməkdaşlara həm maaş, həm də gördükləri işin sayına və keyfiyyətinə əsasən qonorar ödənilib.

“Qonorar sisteminin tamamilə ləğvi vahid və standart ödəniş mexanizmi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə müəyyən mənada mənfi təsir göstərə bilər. Lakin əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina məsələsi gündəlikdədir. Artıq proses başlayıb və yaxın zamanda tam əməkhaqqı sisteminə keçid təmin ediləcək”, – açıqlamada bildirilib.

Məlumata əsasən, gələn ildən etibarən məsələ tam şəkildə həllini tapacaq.

Qeyd edək ki, audit nəticəsində AzTV QSC tərəfindən əmək müqaviləsi ilə çalışan işçilərə əmək funksiyalarının icrası ilə bağlı ödənişlərin qonorar adı ilə rəsmiləşdirildiyi müəyyən edilib. Ümumilikdə bu məbləğ 26 milyon manat təşkil edib: 2023-cü ildə – 11,3 milyon, 2024-cü ildə – 11,6 milyon, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat.