🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan elminin 80 illik sərgüzəşti və gələcəyə baxışı

Azərbaycan Milli Elmlər Akademiyası 80 yaşını qeyd edir. Bu münasibətlə doğma elm ocağına təşrif buyurmuş ölkəmizin rəhbəri İlham Əliyevin çıxışı sadəcə təbrik deyildi. Bu, Azərbaycan elminin gələcək istiqamətinə verilmiş siyasi, ideoloji və mənəvi bəyanat idi.

Onun çıxışında dərin bir ardıcıllıq vardı. Prezident əvvəlcə tarixdən başladı, çünki tarixsiz elm olmaz. Akademiyanın yarandığı 1945-ci ildən bu günə qədər keçdiyi yol bir dövlətin düşüncə təkamülüdür. Elmi ideyalar, tədqiqatlar, institutlar – bunların hamısı bir böyük ağacın budaqları kimidir. O ağacın kökü dərinlərdə, Heydər Əliyev ideyalarının, milli intellektual siyasətin təməlindədir. Prezident xatırlatdı ki, elə 1970-ci illərdə Akademiyanın ən məhsuldar dövrü başlanmış, yeni institutlar yaradılmış və elmi kadrların yetişməsi üçün geniş şərait formalaşmışdı. Bu, sadəcə elmin inkişafı deyildi, həm də millətin düşüncə müstəqilliyinin başlanğıcı idi.

Filologiya elmləri doktoru, Milli Məclisin deputatı Elnarə Akimova müsahibəsində bildirib ki, İlham Əliyevin çıxışında əsas diqqət bu günə yönəlmişdi. O, realist tonla xatırlatdı ki, müstəqilliyin ilk illəri çətin idi – torpaq itkisi, iqtisadi böhran, məcburi köçkünlük… Amma həmin dönəmdə belə, elm tam dayanmadı, nəfəsini qorudu. Bu, bir xalqın mənəvi möhkəmliyinin sübutudur. Son illərdə isə dövlətin elmi prioritetə çevirməsi, maliyyə və infrastruktur dəstəklərinin artması, gənclərin elmə cəlb olunması artıq düşüncə siyasətinin strateji səviyyəyə qaldırılmasıdır.

Prezidentin çıxışında diqqət çəkən əsas cizgi – elmin gələcəklə dialoqu idi. O qeyd etdi ki, “Təbii sərvətlər tükənə bilər, amma intellektual sərvət sonsuz mənbədir”. Bu fikir, əslində, Azərbaycanın növbəti inkişaf mərhələsinin şüarıdır. Neft və qaz əsrini yaşayan bir ölkə indi bilik və texnologiya əsrinə keçid edir. Süni intellekt, innovasiya, rəqəmsal transformasiya – bunlar artıq texniki anlayışlar deyil, milli təhlükəsizlik, milli rifah və milli kimliyin yeni formasıdır.

“Əliyevin çıxışında bir məna daha var idi – dövlətlə elmin təkamül birliyi. Elm yalnız laboratoriyada yox, iqtisadiyyatda, sənayedə, texnologiyada, hərbi sahədə də işləməlidir. Bu çağırış, əslində, yeni bir mərhələnin başlanğıcıdır: elm auditoriyadan çıxır və dövlətin mərkəzinə gəlir. Çünki elmi idarəetmədən, elmi siyasətdən, elmi düşüncədən kənarda sabit inkişaf mümkün deyil”, – deyə E.Akimova vurğulayıb.

Dövlətimizin başçısının sözlərində həm də dərin inam var idi – milli intellektin gücünə inam. O, elm adamlarına müraciət etməklə, əslində, gəncliyə səsləndi: elm, texnologiya və düşüncə sahəsində fəaliyyət göstərən hər bir azərbaycanlı bu ölkənin gələcəyini formalaşdırır. O gələcək ki, artıq sərhədlərlə deyil, biliklə ölçülür.

E.Akimova qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi sadəcə bir tarix deyil, bir dövlət-fəlsəfi konsepsiyanın bərpasıdır. Akademiyanın 80 yaşı elmin dövlətin ideoloji sütununa çevrildiyi bir mərhələnin göstəricisidir. Bu gün Prezidentin nitqində həm elmin, həm də dövlətin istiqaməti bir nöqtədə kəsişir: gələcəyə hazırlıq, süni intellektin tətbiqi, rəqəmsal mədəniyyətin formalaşması, elmi innovasiyaların iqtisadi sistemə inteqrasiyası. Bunların hamısı yeni Azərbaycanın strateji kodudur.

Elm bu gün artıq təkcə bilik toplamaq deyil, milli özünüdərk formasıdır. Prezidentin Akademiyanın salonunda dediyi hər fikir o düşüncəni təsdiqlədi ki, Azərbaycan XXI əsrdə öz mövqeyini yalnız resurslarla deyil, zəka ilə qoruyacaq.

Prezident çıxışında Azərbaycan dili barəsində də xüsusi danışdı: “Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib… Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”.

Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli həmrəyliyi və ortaq dünyagörüşünü yaradır. O, keçmiş təcrübəni, mədəni dəyərləri və ənənələri gələcək nəsillərə ötürür. Bu səbəbdən dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır.

“Bəli, bu səksən il bir tarix idi. Amma bu gün səslənən çıxış göstərdi ki, Azərbaycan elminin qarşısında yeni bir yüzillik açılır. O yüzillikdə əsas kapital torpaq deyil, zəka olacaq və o zəkanın istiqamətini artıq dövlət müəyyənləşdirir”, – deyə E.Akimova fikrini yekunlaşdırıb.

Azərbaycan.media