Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyada baş verən hadisələri şərh edərkən bu ölkənin iqtisadi və sosial vəziyyətinə kəskin reaksiya verib. O, xüsusilə Roma şəhərinin mərkəzində tarixi qüllənin qismən dağılması ilə bağlı fikirlərini səsləndirib.
Zaxarova bildirib ki, İtaliya hökuməti vergi ödəyicilərinin vəsaitlərini Ukraynaya məqsədsiz şəkildə yönəltməyə davam edərsə, ölkə tam şəkildə çökmə riski ilə üz-üzə qalacaq:
“Xatırladım ki, bu ilin mayında İtaliya Xarici İşlər Nazirliyi açıqlamışdı ki, Ukraynaya dəstək, o cümlədən hərbi yardım və Avropa İttifaqı mexanizmləri vasitəsilə edilən töhfələr ümumilikdə 2,5 milyard avroya çatır. Bunun təxminən 1 milyard avrosu qaçqınlara, 310 milyon avro dövlət büdcəsinə dəstəyə, 93 milyon avro isə humanitar fəaliyyətə yönəldilib. Hökumət vergi ödəyicilərinin pulunu mənasız yerlərə xərcləməyə davam etdiyi müddətcə, İtaliya tamamilə çökəcək – iqtisadiyyatdan tutmuş qüllələrə qədər,” – deyə diplomat vurğulayıb.
ANSA agentliyinin məlumatına görə, Romada tarixi qüllənin uçması nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir.
Qeyd edək ki, İtaliyanın müdafiə naziri Quido Krozetto yaxın zamanda Ukraynaya 12-ci hərbi yardım paketinin hazırlanacağını bəyan edib.
