Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında hava iqlim normasından 2,6 dərəcə yüksək olub. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ay ərzində temperatur 27 gün normadan yuxarı (0,1–6 dərəcə), 4 gün isə normadan aşağı (1,4–2 dərəcə) olub və orta aylıq temperatur 18,7 dərəcə təşkil edib.
Oktyabr ayında maksimal temperatur Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u və 12-si 26,6 dərəcə, bölgələrdə (Ordubad) isə oktyabrın 9-u 34,4 dərəcə ölçülüb. Minimal temperatur isə Bakıda oktyabrın 31-də 6,4 dərəcə, yüksək dağlıq ərazilərdə (Şahdağ) isə 6,1 dərəcə şaxta qeydə alınıb.
Ay ərzində bəzi günlərdə yağış, şimşək və leysan xarakterli yağıntılar müşahidə olunub, yüksək dağlıq ərazilərdə isə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm təşkil edib. Bölgələrdə 26 gün yağıntılı hava şəraiti olub, ən çox yağıntı isə Quba-Qusar zonasına düşüb və aylıq normanın 107 faizi (68,4 mm) olub.
Nazim Mahmudov əlavə edib ki, oktyabr ayında küləkli hava şəraiti ilə bağlı 9 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 15 gün küləkli hava müşahidə olunub, maksimal sürət 28 m/s-ə çatıb.
