🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstan parlamentinin sədri Brüsselin iğtişaşları qınamamasını tənqid edib

Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını (Aİ) ölkədə baş vermiş iğtişaşları qınamamaqda günahlandırıb.

Onun sözlərinə görə, Gürcüstanda baş tutmamış çevriliş və Prezident sarayına basqın cəhdindən artıq bir ay keçməsinə baxmayaraq, Kos və Kallas da daxil olmaqla avropalı komissarlar bu hadisələri qınamaqdan imtina edirlər.

“Təəssüf ki, Brüsseldən ədalətli yanaşma gözləntiləri getdikcə azalır. Son zamanlar Brüsseldə dəyərlərin tənəzzülə uğraması təəssüf doğurur. Gürcüstan yalnız dar siyasi və geosiyasi məqsədlər baxımından nəzərdən keçirilir. Brüsseldə rəhbər vəzifələrdə çalışan şəxslərin Gürcüstana sovet təfəkkürü ilə yanaşdıqlarını görürük”, – Papuaşvili vurğulayıb.

Spiker bildirib ki, Aİ Gürcüstanla bağlı mövqe açıqlamadan əvvəl Tbilisidə oktyabrın 4-də baş verən iğtişaşları qınamalıdır: “Gürcüstan iğtişaşlardan çətinliklə xilas oldu, qarşısı vaxtında alınmasaydı, hansı nəticələrin olacağını heç kim bilmir. Ona görə də ilk növbədə zorakılıqları qınamalı və ondan kənarlaşmalıdırlar”.

Qeyd edək ki, sabah Aİ Gürcüstanla bağlı genişlənmə hesabatını açıqlayacaq. Sənəddə ölkədə son bir ildə baş verən hadisələr və onların Gürcüstanın Aİ-yə üzvlük səyləri ilə əlaqəsi ətraflı şəkildə əks olunacaq.