🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Radiosu-99 -“Radiolu günlərdən”- Zümrüd Səfərovanın xatirələri

Azərbaycan Radiosunda ömrümün nə az, nə çox, düz 40 ili keçib. Bura sadəcə iş yeri yox, doğma ocaq idi. Belə səmimi, mehriban mühitə az-az rast gəlinir. Kimsənin incimədiyi zarafatlar, baməzə söhbətlər, əhvalatlar… İndi hər biri unudulmaz xatirəyə çevrilib. Ara-sıra yadıma düşəndə qələmə alıram. Azərbaycan Radiosunun yaranmasının 99- cu ildönümünü ərəfəsində bu xatirələri Azərbaycan.media saytının Şirin xatirələr”rubrikasında  sizinlə də paylaşmaq istədim.
 “Mən özümü jurnalist saymıram”
Radioda çox savadlı, dilimizin incəliklərini dərindən bilən, rus dilində sərbəst danışan və Moskva radiosundan birbaşa tərcümə edən gözəl jurnalist, baş redaktor, əsl ziyalı, mərhum Valid Sənani tez-tez deyərdi:
“Mən özümü jurnalist saymıram.”
Biz heyrətlə bunun səbəbini soruşanda, o, təvazökarlıqla cavab verərdi:
“Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Həsən bəy Zərdabi kimi nəhəng jurnalistlərdən sonra mənim özümə jurnalist deməyə haqqım çatmır.”
Jurnalistika fakültəsinin dekanı Şirməmməd Hüseynov kimi, ondan sonra dekan olmuş Tofiq Rüstəmov kimi, daha sonra dekan Yalçın Əlizadə kimi, Ədəbi-Dram Baş redaksiyasının baş redaktoru Mailə xanım Muradxanlı kimi, Məryəm Zöhrabova, Maya Bayramova, Lətafət Axundova kimi və bu gün də təqaüddə olsa da radio ilə bağını kəsməyən İlyas Adıgözəlli kimi jurnalistlər həmişə olub və bu gün də var.
Onlar heç vaxt özlərini kimdənsə üstün tutmayıblar, özlərini öyməyiblər. Əksinə, öyrədiblər, yetişdiriblər, yol göstəriblər.
Allah dünyasını dəyişmiş radionun veteranları Valid müəllimə, Tofiq müəllimə, Hacı Hacıyevə, Şirməmməd müəllimə, Bəhram Rəcəbova, Mailə xanıma, Maya xanıma, Yalçın müəllimə rəhmət eləsin.
İlyas müəllimə, Lətafət xanıma, diktorlardan Əli Məhəmmədoğluna və Eldost Bayrama isə sağlam, uzun ömür arzulayıram.
Nə yaxşı ki, belə gözəl insanlar — savadlı jurnalistlər və ziyalılar olub, var və olacaq…
    Yaxşı ki radio səsləri yaşadır
60–70-ci illərdə həftənin birinci günü, saat 18:00-da “Dünya həftə ərzində” beynəlxalq icmal efirə gedirdi. Proqramı Azərbaycan Dövlət Universitetinin dosentləri Şirməmməd Hüseynov və Qənbər Hüseynov aparırdı.
Onlar həftə ərzində dünyada baş verən beynəlxalq vəziyyət haqqında dinləyicilərə məlumat verir, hadisələri qiymətləndirir, şərh edirdilər.
Şirməmməd müəllimlə Qənbər müəllimin heç bir qohumluq əlaqəsi yox idi. Şirməmməd müəllim Şəkidən, Qənbər müəllim Qarabağdan idi. Təsadüfən soyadları eyni olduğuna görə çoxları onları qohum bilirdi.
Şirməmməd müəllim çox tələbkar, məsuliyyətli, verdiyi sözü tutan, nizam- intizamlı bir insan idi. Neçə illər ərzində bir dəfə də olsun verilişə gecikmədi. Qənbər müəllim isə, əksinə, hər dəfə proqrama gələndə deyirdi ki: “Vallah, anama görə gəlirəm, Ağdamda qulaq asır, səsim efirə getməsə, arvad nigaran qalacaq…”
Şirməmməd müəllim də deyirdi: “Ay Qənbər müəllim, görəsən sən nə vaxtsa vaxtında gəlib çıxacaqsan, ya yox…”
Veriliş bir neçə saat əvvəl əvvəlcə makinada, sonra isə səsyazma studiyasında yazılırdı. Qənbər müəllim isə hər dəfə gecikirdi…
Qənbər müəllimgilin yaşadığı binanın həyətində idman meydançası vardı. Hər gəlişində tələsirdi ki, gedib meydançada voleybol oynayacaq. Hər dəfə də Şirməmməd müəllim onu danlayırdı ki: “Hündür, çəkili adamsan, sənə voleybol oynamaq olmaz.”
Doğrudan da elə oldu…
Qənbər müəllim voleybol oynayanda həyatını itirdi. Hoppanıb ki, topu tutsun, ürəyinin damarı qırılmışdı…
Sonralar Şirməmməd müəllim rəhmətlik Bəhram Rəcəbovla, daha sonralar isə Yasin Qaraməmmədli ilə proqramı aparırdı. O vaxt da dinləyicilər böyük maraqla qulaq asır, Radioya məktublar göndərirdilər.
Allah Şirməmməd müəllimə, Qənbər müəllimə və Bəhram Rəcəbova və Yasin müəllimə rəhmət eləsin, ruhları şad olsun.
Nə yaxşı ki, onların səsi unudulmur.
Yaxşı ki Radio səsləri yaşadır.
      “Teymurla Ənvər gələcək”
 Mərhum Aydın Qaradağlı həddən artıq sadə adam idi. Onun dostları arasında hər cür peşə sahibi vardı- bağbandan tutmuş, yüksək vəzifə sahiblərinədək. Bir sözlə, böyüklə-böyük, kiçiklə-kiçik idi.
İdarənin həyətində çiçəklərə qulluq edən iki bağbanla da dostluq edirdi. İşə gələndə ayaq saxlayar, onlarla söhbət edərdi, bəzən də birlikdə balıq tutmağa gedərdilər. Bağbanlardan birinin adı Teymur, o birinin adı isə Ənvər idi.
O vaxt da şirkət “Komitə” adlanırdı. Komitənin sədri Teymur Elçin, müavini isə Ənvər Əlibəyli idi.
Bir dəfə Aydın Qaradağlı axşamüstü indiki Şəhidlər Xiyabanında, o vaxt “Kirov parkı” deyilən yerdə kafedə oturubmuş. Birdən görür ki, diktor Sabutay Quliyev gəlir. Tez onu səsləyir:
— Sabutay, gəl otur, yemək də sifariş vermişəm, indicə Teymurla Ənvər də gələcəklər.
Sabutay “Teymur” və “Ənvər” adlarını eşidib diksinir:
— Yox, yox, otura bilmərəm, işdəyəm, beş dəqiqəliyə gəlmişəm, siqaret alıb gedəcəyəm. Məni burda görsələr, yaxşı düşməz.
Aydın Qaradağlı məsələni anlayıb gülümsəyir:
— Ay Sabutay, bura sədr Teymurla müavin Ənvər yox e, bağban Teymurla Ənvər gələcək!
     Adları “kitab”ıma düşənlər
İşdə özüm üçün bir kitab açmışdım. Kitabda müxtəlif rubrikalar vardı: “Özü haqqında yüksək fikirdə olanlar”, “Mənfəətpərəstlər”, “Min sifətlilər”, “Ərləri qısqanc olanlar”, “Hiyləgərlər”, “Puldan ötrü ölənlər”, “Günlərini yas məclislərində keçirənlər”, “Xəsislər”, “Evyixanlar”, “Dedi-qoducular”, “Qeybətcil­lər”, “Riyakarlar” və s.
Bizim redaksiya Proqram redaksiyası olduğu üçün radionun bütün kollektivi bizim otağa gəlirdi. Onlar gələn kimi rəhmətlik Maya xanım zarafatla deyirdi:
— Aç kitabını, bunun gözəl xasiyyətini de, bilsin və nəticə çıxarsın…
Kitabda elə adam var idi ki, bütün rubrikalarda adı keçirdi. Rəhmətlik Almaz xanım deyirdi:
— Ay balam, mənim adımı hər yerə yazmısız, heç olmasa, bir-iki yerdən ixtisar edin.
Maya xanım isə gülümsəyib zarafatla cavab verirdi:
— Olmaz, sənin adını silsək, başqalarına haqsızlıq edərik. Sənin neçə min sifətin var, bütün rubrikalara layiqlisən!
Bir xanım vardı, görənlər deyirdi ki, əri çox yaraşıqlıdır, bu isə ərinin tam tərsi idi. Buna baxmayaraq, öz “gözəlliyindən” çox razı idi. Bütün günü ərinin onu necə qısqandığından danışırdı. Maya xanım soruşurdu:
— Bunun adı neçənci yerdədir?
Mən deyirdim:
— Əlbəttə, birinci!
Çünki bu xanım deyirdi ki, “ərim Otello kimi qısqancdır!”
Bir qeybətcil xanım vardı, işi-gücü qeybət eləmək idi. Kim yanından ötürdüsə, o saat evi yıxılırdı, ondan bir “qazutluq” söz çıxardı. Onun adı “Qeybətcillər” rubrikasında birinci yerdə idi.
Bir qocaman diktor vardı, bir az kompleksli idi. İki nəfəri bir yerdə danışan görürdüsə, qan salırdı:
— Məndən danışırsız, bəyəm bilmirəm?
Onun da yeri kitabımda birinci yerdə idi.
Bir çoxdanışan vardı, xəta edirdin onunla salamlaşırdın, ta düz bir saat döşəyirdi canına! Onun da adı “Çoxdanışanlar” rubrikasında idi… Hər redaksiyaya gələn ümidlə soruşurdu
— Mənim yerimdə bir dəyişiklik yoxdur ki?
             Uçitel müəllim
Tofiq Rüstəmov Radioya  “Uçitelskaya qazeta”dan gəlmişdi. Ona görə də hamımız ona zarafatla “Üçitel müəllim” deyə müraciət edirdik.
Tofiq müəllim həddən artıq çox savadlı adam idi. Gözəl jurnalist, gözəl insan, gözəl baş redaktor idi. Onunla bir yerdə çalışanlar yaxşı bilirlər, Tofiq müəllimin səsini qaldırdığını heç vaxt görən olmayıb. O qədər həlim xasiyyətli, mədəni insan idi ki, bu cür adamlar çox az-az olur. İşə məsuliyyətsiz yanaşanlara səhv etməməyin vacibliyini elə səbrlə izah edirdi ki, həmin adam bir də səhvə yol vermirdi.
Tofiq müəllimin Moskva radiosundan birbaşa tərcümə etdiyi xəbərlər, məlumatlar o vaxt üçün çox dəyərli idi.
Yadıma Tofiq müəllimlə bağlı kiçik bir epizod düşdü. O vaxt Tofiq müəllim İçərişəhərdə olurdu. Təsadüf elə gətirmişdi ki, ev telefonunun nömrəsi redaksiyamızın nömrəsindən bir rəqəmlə fərqlənirdi. Bir dəfə rəfiqəm mənə işə zəng vurmaq istəyir, bir rəqəmi səhv yığdığı üçün Tofiq müəllimlə danışır. Rəfiqəm: “Zumrudu olar?” – deyə soruşur.
Tofiq müəllim də: “Bura mənzildir, Zumrud Radioda işləyir, ora zəng vurun.”
Rəfiqəm: “Bəs siz hardan bilirsiniz kim harada işləyir?”
Tofiq müəllim zarafatla deyir: “Çünki biz Radio işçiləri hər şeyi bilirik və görürük.”
İş elə gətirdi ki, Tofiq müəllim universitetdə də mənim müəllimim oldu. Ədəbi redaktədən bizə dərs deyirdi. Dərsi o qədər maraqlı keçirirdi ki, hətta tənəffüsə çıxmağı belə unudurduq.
Tofiq müəllim həyat yoldaşım Natiq Səfərovla çox yaxın dost idilər. Onların birlikdə Ginzburqun “Görkəmli adamlar” seriyasından etdiyi tərcümələr hələ də oxucuların xatirindədir.
Tofiq müəllim yaşasaydı, səksən doqquz yaşı olacaqdı. Allah bu gözəl müəllimə, gözəl insana rəhmət eləsin, nur içində yatsın.
              “Şarik bişiririk”
Çox uzaq illərin söhbətidir. İndiki kimi Məhərrəmlik ayı idi. Radiomuzun qızlarından biri həmin vaxt nişanlı idi. Qız çox ciddi, qaraqabaq, bir az sadəlövh, həm də rusdilli idi. Azərbaycan dilində danışa bilmirdi. Danışanda isə çox məzəli çıxırdı deyə, qocaman diktor Soltan Nəcəfov onunla zarafat etmək fikrinə düşdü.
Soltan müəllim həddindən artıq yumor hissinə malik, çox baməzə adam idi.
Bir gün Soltan müəllim qızdan soruşdu:
– Ağəz, Nəzirə, toyun hacandır?
Nəzirə ciddi görkəmlə cavab verdi:
– Seycas nelzya, Soltan muallim.
Soltan müəllim:
– Nöşun ağəz?
Nəzirə:
– Potomu cto, Soltan muallim, seycas maqerram.
Soltan müəllim:
– Həri, ağəz. Maqerramdan sonra toy olacaq?
Qız:
– Net, yeşo yest.
Soltan müəllim:
– Ağəz, demirsən maqerramdan sonra toy olacaq?
Qız:
– Soltan muallim, maqerram, potom Səfər, a potom Yaxya, a potom svadba budet…
Soltan müəllim:
– Afərin, sən bizdən yaxşı bilirsən ki. Əhyələrə heç olmasa, “əhyə” deməyi öyrən, “Yaxya” yox!
Yaxşı, bir söz də soruşum. Qayınanan sizə gələndə onu nəyə qonaq edirsiniz, onun üçün nə bişirirsiniz?
Qız:
– Kak nə bişirirsiz, Soltan muallim, konecno, obed.
Soltan müəllim:
– Onu bildik e, hansı xörəkdən?
Qız bir az fikirləşib:
– Dolma, aş s myasom, duşbara, bir də… bir də şarik…
Soltan müəllim:
– Ağəz, şarik nədir? Xəmiraşı deyirsən?..
Qız:
– Net, Soltan muallim, krupnıy şarik, tam bivaet albuxara, kosticka, kartoşicka, i qorox…
Soltan müəllim özünü saxlaya bilməyib:
– Qara ox, ağəz, gül kimi küftəbozbaşa o nə ad qoymusan: şarik…
           “Havanı burda al”
Radioya təzə gəlmişdim. İlk işlədiyim yer isə “Son xəbərlər” redaksiyası idi. Burda iş bir az fərqli idi: istirahət günündə də, bayramlarda da iş var idi, istirahət günümüz isə adi günlər kimi keçirdi.
O vaxt Radio və televiziyamızı polis yox, adi keşikçilər qoruyurdu.
Bir dəfə səhər saat 7-də işə gəlmişdim. Buraxılış vərəqəsini göstərib keçmək istəyəndə yaşlı keşikçi dedi ki, bayram günü olduğuna görə işçilərin siyahısı divara vurulub, adını tap, ora bir quş qoy, keç get.
Siyahıya baxdım və gördüm ki, burda yalnız texniki heyətin adı var, redaksiya əməkdaşlarının adları yoxdur. Dedim ki, burda bizim adımız yoxdur, yalnız texniklərin adları yazılıb. Keşikçi dedi:
– Onda çəkil dur bir qıraqda.
Dedim:
– Ay əmi, axı belə olmaz. Mən gərək redaksiyaya gedib Hava bürosuna zəng edim, havanı alım, tərcümə edib yazım, diktorlar da saat 8 xəbərlərində oxusunlar.
Bunu deyəndə keşikçi bərk qəzəbləndi:
– Nə? Sən telefonla hava alacaqsan? Havanı da telefonla alarlar? Dur burda, təmiz havada nə qədər istəyirsən, hava al…
Artıq on beş dəqiqədən çox idi ki, qapıda qalmışdım. Vaxt daralırdı, başladım həyətdə qaçmağa. Keşikçi qaçdığımı görüb uzun lüləli tüfəngini çiynindən çıxarıb:
– Qaçma, atıram ha, qaçma!– qışqıra-qışqıra dalımca qaçmağa başladı.
Özümü təngnəfəs otağa saldım, hava haqqında məlumatı alıb yazdım və diktorlara təhvil verdim. Koridorda gələndə gördüm keşikçi redaksiyaların qapılarını bir-bir açıb baxır, məni görən kimi:
– Aaa, burdasan! – deyib qışqırmağa başladı.
Elə bu vaxt koridorun o biri başından respublika qəzetlərinin xülasəsini yazmağa gəlmiş baş redaktorumuz Valid Sənani göründü. Həddən artıq təmkinli Valid müəllim keşikçinin bağırtısına sakitcə qulaq asıb, birtəhər dilə tutaraq öz postuna yola saldı.
                 Kudryaşka 
O vaxt məşhur bir müğənni vardı, Leyla Şərifova. Əslən tacik idi- həm Tacikistanın, həm də Azərbaycanın xalq artisti idi. İş yoldaşım Maya xanımla qonşu olan bu müğənninin Kudryaşka adında balaca, yupyumru bir iti vardı. Leyla xanım hər gün bu itin saçını cürbəcür lentlərlə bəzəyib gəzməyə aparardı.
Maya xanımın həyat yoldaşı rejissor Fikrət Ağazadə yaşadıqları binanın sədri idi. Bina o vaxt Radio işçiləri üçün kooperativ tikilmişdi, yəni binanın əksəriyyəti tele-radio işçilərindən ibarət idi. Kimin nə dərd-səri olurdusa, Fikrət həll edirdi.
Maya xanım deyir ki, bir gün qapım bərk döyüldü. Açdım. Leyla xanım qapıda çox həyəcanlı halda dedi:
– Bura baxın, Maya xanım, bu dəqiqə mənim itimi verin.
Qaldım məəttəl. Dedim ki:
– Ay Leyla xanım, nə it, məndə it nə gəzir? Mən ümumiyyətlə, itdən qorxuram.
Leyla xanım sözlərimə əhəmiyyət vermədən içəri soxulub iti çağırmağa başladı:
– Kudryaşka, qde ti? Kudryaşka, vxodi…
Maya xanım deyir ki, nə qədər and-aman elədim, mən it-mit görməmişəm. Leyla xanım dedi:
– Bilmirəm, mənim Kudryaşkam itib, bilirəm ki, Kudryaşkamı sən oğurlamısan…
Üstündən bir neçə gün keçdi. Maya xanım işdən gələndə qapının qabağında əskinin üstündə Kudryaşkanın yatdığını görüb çox sevinir, tez yuxarı qalxıb Leyla xanıma xəbər verir. Leyla xanım tələsik özünü yetirib iti yerindən qaldırır, o üzündən-bu üzündən öpür.
Maya xanım deyir ki, gözlədim, indi mənə təşəkkür edəcək.
Leyla xanım isə qayıdıb deyir:
– Mən bilirdim də, Kudryaşkamı sən oğurlamısan, amma utanmırsan, belə Kudryaşka saxlayarlar, bütün çirk içindədir…
  “Mənim dostlarım adi olmur”
Radioda hər cür adam var idi – maraqlı, maraqsız, yumorist, pozitiv, neqativ və s. və i.
Yumoristlərdən biri də yazıçı Aslan Abdullayev idi.
Aslan müəllimin çoxlu dostları vardı: vəzifədə olanlar, olmayanlar, ən ağıllı adamlar, hətta ağlı az olanlar da vardı. Hər dəfə də onlardan bir xeyli danışıb bizi güldürərdi…
Bir dəfə qaça-qaça redaksiyaya gəlib dedi ki, indi bura bir adam gələcək. Mən sizə deyəcəm ki, siz heç təpəsi üstə dayanan adam görmüsüz? Siz də deyərsiz, “yox, heç elə şey olar?” Qalanı ilə işiniz olmasın…
Bir azdan Aslan müəllim bir nəfərlə gəldi. Hündürboy kişi idi, yaşı da 65–70 olardı. Aslan müəllim dedi:
– Bu kişi mənim dostumdur, çox nadir hərəkətləri var, hətta təpəsi üstə də nə qədər desən dayana bilir!
Biz “yox e, bu yaşda adam, filan…” – deməyimizlə kişinin hoppanıb Aslan müəllimin stolunun üstə təpəsi üstə dayanmağı bir oldu!
Gülməkdən gözlərimiz yaşaranda Aslan müəllim isə sakitcə dedi:
– Dedim axı, mənim dostlarım adi olmur…
    “Ustanı gəldiyinə peşman elədi”
Radioda xasiyyətcə çox ağır bir xanım var idi. Onun yanında heç kim cəsarət edib nəinki zarafat, heç gülümsəyə də bilməzdi. Hamı da xasiyyətini bildiyi üçün eləcə qulaqları dinc olsun deyə yola verirdilər…
Bir gün bu xanım mənzilini təmir etdirmək qərarına gəlir. Qonşuluqdakı ustanı çağırıb ciddi tonda şərt kəsir:
– Mən işə gedəndə gələcəksən, işdən gələndə isə gedəcəksən. Qapını bağlayıb gedəcəyəm, gələndə də açacağam.
Xanımın xasiyyətinin çox ağır olduğunu bildiyi üçün usta razılaşır.
Səhər xanım işə gedərkən ustanın yeməyini, çayını, siqaretini, bir sözlə, nə lazımdırsa, səliqə ilə hazırlayır. Blokda onu qarşılayır, evə salır, qapını kilidləyib işə gedir. Axşam qayıdanda isə ustanı qapıdaca yola salır. Bu qayda ilə bir neçə gün keçir.
Bir gün usta tavanı təmir etmək üçün şifonerin üstünə qalxır. Şifonerin üstü sınır və usta içəri düşür. Qapı da bağlı. Nə qədər dartınır, nə qədər çalışır- çıxmaq mümkün olmur. Havasızlıq, naftalin iyi… Ustanın başı gicəllənir, gücdən düşür, huşunu itirir.
Axşam xanım işdən qayıdır, qapını açır, ustanı çağırır – səs yox. Bir az da əsəbiləşir, qonşuları səsləyir. Hamı bir-birinə baxır, kimsə “balkondan düşüb gedib” deyir – hamı da dağılışır.
Xanım paltarını dəyişmək üçün şifonerin qapısını açanda ustanı özündən getmiş halda tapır…
             “Qırmızı” xanım     
Radioda qırmızı rəngi çox sevən bir xanım vardı. Nə geyinirdisə, mütləq üstündə qırmızı güllər, qırmızı bir detal olurdu. Hətta paltosu da qırmızı idi. Qırmızı paltonu haradan tapmışdı, heç kim bilmirdi, çünki o vaxtlar qırmızı palto demək olar ki, heç kimdə yox idi.
Bir dəfə radiomuzun ən ağır xasiyyətli, həddən artıq ciddi xanımın anası rəhmətə getmişdi. Hamımız dəfndə idik. Mərhumu təzəcə yola salmışdıq ki, qapı açıldı, həmin xanım qıpqırmızı paltoda içəri girdi.
Rəhmətlik Mailə xanım qapıya yaxın oturduğu üçün tez ayağa qalxıb qabağa yeridi, tez-tez:
— Çıxart paltonu, çıxart, — dedi.
Mailə xanım hər işin yerini bilən, anlayışlı qadın idi. O, xanımın qarşısında dayandı ki, paltosunu görən olmasın, onu tələsdirməyə çalışdı. Hamımız xanımı yaxşı tanıdığımız üçün narahatlıqla həmin səmtə baxmağa başladıq.
Qadın paltonu çıxaranda isə… başda Mailə xanım olmaqla, hamımız təəccübdən yerimizdə donduq: qadının paltosu toya getməli idi – paltarı paltosundan da qırmızı idi!
O an kiminsə gülüşünü boğmaq üçün dodağını dişlədiyini gördüm. Amma alınmadı. Hətta anası rəhmətə getmiş ciddi qadın da gülməkdən özünü saxlaya bilmədi…
                 Bizim “Şura”
Radioda ictimai işlərlə məşğul olan qocaman bir xanım vardı; elə indi də var, təqaüddədir, Allah ona uzun ömür versin. Balacaboy, arıq, zirək qadın idi. Radioda elə tədbir olmazdı ki, onsuz keçsin. Kollektivin hər işində çox fəal idi. Kimə nə lazım idisə, birbaşa həmin xanıma müraciət edirdi. Xanım da o saat işləri yoluna qoyardı: kiminə putyovka, kiminə həkim, kiminə dərman, kiminə xəstəxana… Kimin körpəsi dünyaya gəlirdi, kimin ad günü olurdu və s. Biz də onu öz aramızda Ryazanovun məşhur filmindəki Şuraya bənzədərdik, öz aramızda Bizim “Şura” deyərdik.
Bu qadının cəmi bir “qüsuru” vardı: marşrut bilməzdi! Nömrəyə baxmazdı, harada avtobus görsəydi, saxlatdırıb minərdi. Avtobusun onun getdiyi yerə yox, başqa səmtə getdiyini elə avtobusdaca xəbər tutan kimi, harada gəldi, saxlatdırıb düşərdi. Özü də çox təəccüblənərdi ki, avtobus nömrəsindən asılı olmayaraq niyə onun getdiyi yerə getmir!
Bir dəfə, 80-ci illərdə, işdən çıxıb evə tələsirdim. Bir də gördüm, Bizim “Şura” idarənin qabağında dayanan taksinin qapısını bir əli ilə tutub saxlayıb, o biri əli ilə məni çağırır:
— Tez gəl, taksi gözləyir, tez ol!
Xasiyyətini bilsəm də, düşündüm ki, yolu biz tərəfdən keçdiyi üçün yəqin məni çağırır ki, yolüstü düşürsün. Qaca-qaca gəldim, xanım oturdu, mən də yanında. Baxdım ki, qabaq oturacaqda o vaxt uşaqlar üçün gözəl mahnılar yazan rəhmətlik bəstəkar Oqtay Zülfüqarov oturub. Qaldım mat-məəttəl…
Bizim “Şura” Oqtay müəllimlə xeyli hal-əhval tutdu. Oqtay müəllim qısaca cavab verirdi:
— Sağ olun, təşəkkür edirəm. Siz hara gedirsiniz? Mən Baksovet tərəfə gedirəm.
O vaxt bəstəkarın kiçik qızı atasının mahnılarını oxuyardı. Bizim “Şura” suala cavab vermək əvəzinə üyüdüb- tökməyə başladı:
— Ay Allah, Leyluşa nə təhər gözəldir, necə şirin oxuyur, Allah saxlasın, elə bil mələkdir o uşaq… — və beləcə dayanmadan Leyluşanın şərəfinə təriflər yağdırırdı.
Oqtay müəllim bu dəfə bir az əsəbi səslə dedi:
— Siz hara tərəfə gedirsiniz? Mən Beşmərtəbənin altı tərəfə gedirəm, şəhərdə tədbirim var, ora çatmalıyam!
Mən başa düşdüm ki, Oqtay müəllim radioya çıxışa gəlibmiş, qapıda da onu taksi gözləyirmiş, Bizim “Şura” isə maşını görüb qaçıb qapısını tutub, hələ özü bəs deyilmiş, məni də çağırıb minməyə!
Taksi idarədən azacıq aralanmışdı ki, mən sürücüyə dedim:
— Zəhmət olmasa, burda saxlayın, düşüm, mənim yolum başqa tərəfədir.
Oqtay müəllim də dərhal dedi:
— Buyurun, xanım, buyurun… — elə bil birimizdən canı qurtardığına sevinirdi.
İş vaxtının sonu idi, dayanacaq iş yoldaşlarımızla dolu idi. Hamı soruşurdu:
— A, taksidən niyə düşüb avtobus gözləyirsən?
Məsələni biləndən sonra isə qəhqəhə qopdu. Dedilər:
— “Şura”nın ipinin üstünə odun yığmaq olar?!
Mənbə: Azərbaycan.media