Azərbaycan.media xəbər verir ki, Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşüb.
MEDİA-dan APA-ya verilən məlumata görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və digər nümayəndə heyəti üzvləri iştirak ediblər.
Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media sahəsində təcrübə mübadiləsi, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
Əhməd İsmayılov media sahəsində aparılan islahatlar, rəqəmsal informasiya mühitinə inteqrasiya, innovativ həllər və süni intellektin istifadəsində hüquqi-etik çərçivələrin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və şəffaflığın artırılması istiqamətində son illərdə atılan addımlar barədə məlumat verib. Rumıniya tərəfi isə ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim edib, Avropa İttifaqı standartlarına uyğun tənzimləmə və rəqəmsal məkanın idarə olunması barədə məlumat verib.
Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq layihələrini və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri təqdim edib, Rumıniya ilə əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə verəcəyini qeyd edib.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının enerji, nəqliyyat, informasiya və kommunikasiya sahələrində dərinləşdiyini bildirib. Senator Kristian-Avqustin Nikulesku-Tağârlaş isə Rumıniya parlamentinin sədri Mircea Abrudeanın Azərbaycana səfərini xatırladaraq, bu görüşün ölkələrarası strateji əməkdaşlığın yüksək səviyyədə inkişafını göstərdiyini vurğulayıb.
Görüş zamanı Cənubi Qafqazda sülh təşəbbüsləri, enerji və media diplomatiyası, informasiya məsuliyyəti və təbliğata qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb.
Senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün nəticələrini yüksək qiymətləndirərək, hüquqi və media əməkdaşlığının Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib. Tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.
