Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid ailəsinə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sözügedən ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayırlar.
Agentliyin sosial xidmətçiləri şəhid ailələrinin evlərinə gedərək onlara ev təsərrüfatında yardım edir, əsas tələbat mallarının alınması və digər gündəlik ehtiyacların təmin olunmasında kömək göstərirlər.
Bununla yanaşı, Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövrü ərzində ümumilikdə 3 min 774 nəfər tənha ahıl və əlilliyi olan şəxsə də evlərində sosial-məişət xidməti təqdim edib.
Qeyd edək ki, bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazidə yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir.
