Azərbaycan.media xəbər verir ki, 2026-cı il üçün dövlət büdcəsi zərfinə əsasən, gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı nəzərdə tutulmayıb.
Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu məbləğin 49,2%-i, yəni 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxilolmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196,7 milyon manat və ya 20,2% azalacaq.
Dövlət büdcəsi zərfinə görə, 2026-cı ildə ölkədə Aİ-95 markalı benzinin istehsalı və daxili istehlaka yönəldilməsi planlaşdırılmayıb. Bununla yanaşı, Aİ-92 markalı avtomobil benzininin istehlakında 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artım deməkdir. Eyni dövrdə ölkədə cəmi 13,8 min ton Aİ-95 markalı benzin istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 45% azdır.
