Azərbaycan.media xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək haqq-ədalət salnaməsi yazan igidlərimizdən biri də qazi Əmrah Məmmədovdur.
1994-cü il avqustun 12-də Şərur rayonunun İbadulla kəndində dünyaya gələn Əmrah Məmmədov uşaqlıqdan Vətənə qarşı böyük sevgi və məhəbbət bəsləyib. 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2016-cı ildə Beyləqan rayonundakı “N” hərbi hissəsinə təyinat alıb, sonradan xüsusi təyinatlı qüvvələrdə kursu müvəffəqiyyətlə başa vuraraq xüsusi təyinatlı qrup komandiri vəzifəsinə təyin olunub.
Əmrah Məmmədov deyir ki, bütün hərbiçi yoldaşları kimi, onun da ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək olub. 2020-ci il sentyabrın 27-də Füzuli rayonunun Horadiz kəndi istiqamətində döyüşlərə qatılan qazi, ilk şəhidini o gün itirib. Döyüş zamanı yoldaşı Emin Məmmədov şəhid olub və Əmrah övladına bu adı verərək əbədiləşdirib.
Döyüşlərin gedişində müxtəlif mövqelərin və yüksəkliklərin alınması tapşırıqlarını yerinə yetirən Əmrah oktyabrın 2-də ayağından qəlpə yarası alıb, hospitaldan sağaldıqdan sonra könüllü şəkildə döyüşə qayıdıb. Oktyabrın 20-də Qubadlı istiqamətində isə artilleriya mərmisinin partlaması nəticəsində yaralanaraq döyüşləri davam etdirə bilməyib.
Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə Əmrah Məmmədov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif edilib.
Bu gün Əmrah kimi qəhrəman qazilərimizin igidliyi və şəhidlərimizin qanı sayəsində Vətənimiz azad və torpaqlarımız bütövdür. Onların döyüş yolu və xatirələri hər bir gəncimiz üçün örnək və vətənpərvərlik dərsidir.
