🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Professor Qulu Məhərrəmli: “Jurnalistikaya inamı bərpa etməyin yolu şəffaflıq, peşəkarlıq və cəmiyyətlə açıq dialoqdan keçir”

Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Klassik media üçün müasir təhdidlər: jurnalistikaya inam niyə azalır?” mövzusunda keçirilən seminarda çıxış edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli çağdaş medianın qarşısında duran əsas problemlər, ictimai etimadın azalmasının səbəbləri və bu etimadın bərpası yolları barədə geniş fikirlərini bölüşüb.

Professor bildirib ki, bugünkü media mənzərəsi çox mürəkkəb və paradoksaldır. Bir tərəfdən informasiya bolluğu və texnoloji imkanların artması görünməmiş dərəcədə sərbəstlik yaradıb, digər tərəfdən isə bu azadlıq məsuliyyət hissinin azalmasına, dezinformasiya və manipulyasiyanın güclənməsinə gətirib çıxarıb:

“Əvvəllər xəbəri oxucuya kim çatdıracaq, onu necə təqdim edəcək sualı əsas idi. İndi isə əsas sual budur – oxucu o xəbərə inanacaqmı? Etibar itkisi bəşəri bir problemə çevrilib. İnformasiyanın çoxluğu, bəzən hətta xaosu cəmiyyətin düzgün istiqamət tapmasını çətinləşdirir. Bu şəraitdə jurnalistikanın dəyəri ondan ibarətdir ki, o, faktı qoruyur, doğruluğu təmin edir və ictimai məsuliyyət daşıyır.”

Qulu Məhərrəmli qeyd edib ki, ənənəvi media institutlarının zəifləməsi, sosial şəbəkələrin sürətlə yayılması və süni intellektin təsiri nəticəsində “xəbərin sahibi” anlayışı itib.

“Əgər əvvəllər xəbər bir mənbədən gəlirdisə, indi minlərlə kanaldan yayılır və bu, nəzarətsiz bir informasiya axını yaradır. Sosial şəbəkələr hər kəsi ‘jurnalist’ statusuna gətirib, amma məsuliyyət yükünü daşıyanların sayı azdır. Bu da cəmiyyətin gözündə peşəkar medianın dəyərini azaldır. Halbuki jurnalistika sosial şəbəkədəki təsadüfi paylaşım deyil, cəmiyyət qarşısında borc və vicdan məsuliyyəti daşıyan bir peşədir.”

Professorun sözlərinə görə, jurnalistikaya inamın azalması təkcə medianın problemi deyil, ictimai etimad sisteminin sarsılması ilə bağlı daha geniş bir məsələdir. Bu etimadı bərpa etməyin yeganə yolu isə şəffaflıq, etik prinsiplərə qayıdış və peşəkar mühitin yenilənməsidir:

“Əgər media öz oxucusuna, tamaşaçısına, dinləyicisinə səmimi davranmırsa, ondan etibar gözləmək mümkün deyil. Media təkcə informasiyanı çatdırmamalı, həm də cəmiyyətlə açıq dialoq aparmalıdır. Oxucu xəbəri oxuyanda bilməlidir ki, orada gizli maraq, sifariş və ya manipulyasiya yoxdur.”

Professor Məhərrəmli həmçinin vurğulayıb ki, süni intellekt və texnoloji manipulyasiyalar dövründə jurnalistikanın qarşısında duran əsas vəzifə – insan amilini qorumaqdır:

“Texnologiya köməkçi vasitədir, amma o, insan düşüncəsini və vicdanını əvəz edə bilməz. Süni intellektin xəbərləri avtomatik istehsal etdiyi bir zamanda, insan jurnalistinin dəyəri məhz onun vicdanında, seçdiyi sözün məsuliyyətindədir. Gələcəyin jurnalistikası daha çox analitik düşüncəyə, empatiyaya və etik dəyərlərə söykənməlidir.”

Sonda professor Qulu Məhərrəmli jurnalistika təhsilinin də bu dəyişən reallıqlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib:

“Biz tələbələrə yalnız xəbəri necə yazmağı yox, həm də düşünməyi, sual verməyi, tənqidi baxışla yanaşmağı öyrətməliyik. Jurnalist təkcə yazan insan deyil, həm də cəmiyyətin vicdanıdır. O vicdanı qorumaq – bu gün həm peşənin, həm də cəmiyyətin qarşısında duran ən böyük məsuliyyətdir.”

Mənbə: Azərbaycan.media