Azərbaycan.media xəbər verir ki, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində ciddi problemlər yaranıb.
“Hürriyyət”in yaydığı məlumata görə, saxlanıldıqdan sonra Vüqar Məmmədovdan heç bir xəbər ala bilməyən ailə üzvləri onun vəziyyətindən narahat olduqlarını bildiriblər.
Baş redaktorun dövlət tərəfindən təyin olunan vəkili, 12 nömrəli Vəkillər Bürosunun əməkdaşı Leyla İsgəndərli 31 oktyabrda Səbail Rayon Məhkəməsində V.Məmmədovun səhhətinin kəskin pisləşdiyini açıqlayıb. Onun sözlərinə görə, məhkəmə zamanı təzyiqi yüksələn və güclü ürək bulantısı keçirən baş redaktora tibbi yardım göstərilməyib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan Vüqar Məmmədovun tibbi yardım alıb-almadığı barədə vəkilin də məlumatı yoxdur.
Ailə üzvləri qeyd edir ki, istintaq altında olan şəxslərin həftədə ən azı iki dəfə ailə ilə telefon əlaqəsi yaratmaq hüququ olsa da, 29 oktyabrda saxlanıldığından bəri V.Məmmədovun ailəsi ondan heç bir xəbər ala bilmir.
Məhkəmədə səhhətinin pisləşməsi səbəbindən baş redaktorun ailəsi, yaxınları və “Hürriyyət” kollektivi onun taleyindən ciddi narahatdır. Ailə bildirib ki, Vüqar Məmmədovun səhhətində baş verə biləcək hər hansı mənfi nəticəyə görə məsuliyyət birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşəcək.
Ailə üzvləri və həmkarları aidiyyəti qurumları günahsız olaraq həbs edilən baş redaktorun vəziyyətinə biganə qalmamağa çağırıblar.
