Beş il öncə — 2020-ci ilin noyabrında Azərbaycan xalqı öz taleyində dönüş nöqtəsi yaşadı. Uzun illərin həsrətinə son qoyuldu, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Bu qələbə tariximizin ən parlaq, ən qürurlu səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi nəticəsində əldə olunan bu zəfər sadəcə hərbi uğur deyildi. Bu, milli ruhun, dövlətə sədaqətin və xalqımızın əzminin təntənəsi idi. Hər bir vətəndaş o günlərdə cəbhənin bir hissəsinə çevrildi – kimisi silahla, kimisi sözlə, kimisi dua ilə Vətən uğrunda səfərbər oldu.
Vətən müharibəsi həm də ədalətin bərpası idi. Otuz illik haqsızlığa və işğala qarşı Azərbaycan xalqının 44 gün davam edən mübarizəsi nəticəsində torpaqlar azad olundu, milli ləyaqət bərpa edildi. Bu qələbə şəhidlərimizin qanı, igidlərimizin cəsarəti və xalqımızın səbir və inamı sayəsində mümkün oldu.
Həmin igidlərdən biri də Vətən müharibəsi qəhrəmanlarından biri şəhid mayor Fərid Ələkbərovdur. Türkiyədə Kuleli Hərbi Liseyində və Ankarada hərbi məktəblərdə ali təhsil almış mayorumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, həmçinin Şuşa döyüşlərində göstərdiyi misilsiz şücaət və peşəkarlıqla yadda qaldı. Noyabrın 8-də yaralanmasına baxmayaraq döyüşdən geri çəkilmədi, taborun çıxarılması uğrunda fədakarcasına vuruşdu və 9 noyabr 2020-ci ildə Şuşa uğrunda qəhrəmancasına şəhid oldu. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Şəhid mayor Fərid Ələkbərovun xatirəsi bizim üçün vətənə, millətə xidmətin, qorxmazlıq və özünü fəda etmənin nümunəsidir.
8 Noyabr – Zəfər Günü sadəcə təqvimdəki bir tarix deyil, Azərbaycanın milli ruhunun dirçəlişini, tarixi ədalətin bərpasını və xalqın birliyini simvolizə edən müqəddəs bir andır. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan bu misilsiz Qələbənin 5-ci ildönümünü qeyd edirik. Bu yubiley, geridə qalan qələbə sevinci ilə yanaşı, həm də yeni reallıqların təməlini qoyan 5 illik quruculuq və bərpa prosesinin nəticələrini qiymətləndirmək üçün mühüm bir fürsətdir.
Qələbədən sonra Azərbaycanın əsas prioriteti azad edilmiş əraziləri yenidən həyata qaytarmaq oldu. Son 5 il miqyaslı bərpa və quruculuq illəri kimi tarixə düşdü.İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan olundu. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının rekord müddətdə tikilməsi, Xudafərin körpüsü kimi tarixi abidələrin bərpası və çətin relyefli ərazilərdə inşa edilən “Zəfər Yolu” daxil olmaqla, minlərlə kilometr yeni avtomobil və dəmir yollarının çəkilməsi bu ərazilərə giriş-çıxışı kökündən dəyişdirdi. Ağalı, Təzəkənd və digər “ağıllı kənd” layihələri, Füzuli, Cəbrayıl və Ağdam kimi “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi rayonlarının mərkəzlərinin sıfırdan yenidən qurulması işləri Azərbaycanın gücünü və müasir inkişaf modelini göstərir. Bu, sadəcə ev tikmək yox, həyatı geri qaytarmaq deməkdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasəti, Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyi bu qələbənin bünövrəsini təşkil etdi. Bu siyasətin davamı olaraq, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın qüdrətini bir daha nümayiş etdirir.
2025-ci ilin “Konstitusiya İli” və “Suverenlik İli” elan olunması dərin rəmzi məna daşıyır. Çünki 2020-ci ildə qazandığımız qələbə əslində, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş ərazi bütövlüyü prinsipinin real həyata keçməsi deməkdir. Konstitusiyamızda yazıldığı kimi: “Azərbaycan Respublikasının ərazisi bölünməz və toxunulmazdır.” Bu müddəa artıq təkcə Konstitusiyada deyil, reallıqda da gerçəkləşdi. Qarabağ torpaqlarının azad olunması ilə dövlət suverenliyimiz tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin idarəçiliyi, hüquq sistemi və milli təhlükəsizlik siyasəti məhz bu suverenlik prinsiplərinə söykənir.
Zəfər həm də milli həmrəyliyin simvoluna çevrildi. Müharibə illərində və ondan sonrakı dövrdə gənclərimizin fəallığı, vətənpərvərliyi, elm və texnologiyaya marağı dövlətimizin gələcəyinə inamı daha da artırdı.
Azad edilmiş torpaqlarda məktəblərin, universitet filiallarının, mədəniyyət mərkəzlərinin açılması gənc nəslin milli kimlik üzərində formalaşmasına xidmət edir. Gənclər artıq yalnız şəhərlərdə deyil, Qarabağda da təhsil alır, çalışır, yaşayır. Bu, xalqın ruhunun və dövlətin gələcəyinin yenidən doğulmasıdır.
Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də köklü şəkildə dəyişdi. Ölkəmiz regionda sülhün və sabitliyin əsas təminatçısına çevrildi. Zəfərdən sonra Azərbaycan yeni reallıqların müəllifi kimi çıxış edir — artıq Cənubi Qafqazda heç bir qərar Azərbaycanın iştirakı olmadan qəbul edilmir.
Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda söz sahibi bir dövlətdir. Enerji təhlükəsizliyi, nəqliyyat və humanitar əməkdaşlıq sahələrində Azərbaycan nümunəsi dünya üçün etibarlılıq simvoluna çevrilib.
44 günlük müharibə bizə göstərdi ki, milli birlik və güclü liderlik qarşısında heç bir çətinlik dura bilməz. Zəfər Gününün 5-ci ildönümü münasibətilə, şəhidlərimizin ruhu qarşısında baş əyir və qazi və veteranlarımıza minnətdarlığımızı bildiririk.
Bu gün biz yalnız qələbəni qeyd etmirik – həm də müstəqil və suveren dövlətin sabahına inamla baxırıq. Konstitusiya və suverenlik prinsipləri üzərində qurulan Azərbaycan artıq regionun lideri, sülhün və inkişafın təminatçısıdır. Azərbaycanın hədəfi aydındır: güclü dövlət, bərpa edilmiş ərazilər və regionda dayanıqlı sülh. Bu yolda qətiyyətli addımlarla irəliləyirik!
Nuridə Əlizadə – I dərəcəli ədliyyə qulluqçusu
Mənbə: Azərbaycan.media
