🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Vətəndən pay olmayır” … – Aybəniz Haşımova yazır

Uzun illər idi ki, qəlbimdə daşıdığım bir həsrət vardı — vətən həsrəti. Uşaqlıqdan bu torpağın hər qarışı mənim üçün müqəddəs idi. Amma illər, onilliklər keçdi, vətənin 25%  torpaqı işğal altında qaldı,qız,gəlinlər,ata,ana,dədə,nənə,
babalarımız əsir düşdülər…Millətimizin cəkmədiyi acı qalmadı…
Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu ağrını içimdə daşıyırdım — səssizcə nəgmələrimə bürünüb icin- icin aglıyıb, dərdimi nəgmələrimə danışırdım sönməyən bir yanğı kimi.
Hər şəhid xəbəri bir ananın qəlbinə daş kimi düşürdü. Hər üc  evdən bir şəhid gedirdi. Qara örpəklər, göz yaşları, susqun dualar… Ana torpaq qana bürünmüşdü sanki,amma yenə də yaşamağa, dözməyə davam edirdi. Biz də dözdük. Çünki içimizdə bir inam vardı: bir gün o torpaqlar azad olacaq.
İllər keçdi… Mən sənət yolumu da, həyat yolumu da bu inamla qurdum. Harada oldumsa — Avropada, Türkiyədə, doğma Bakıda — bir an belə “Xocalıya ədalət” deməkdən, o səsi çatdırmaqdan əl çəkmədik. Tələbələrimlə bir yerdə səhnələrdə Xocalının harayını səsləndirdik,İgid oglum haydı gəl, “Talandı torpağımız” “Vətəndən pay olmayır” dedik.
Hər dəfə o mahnını oxuyanda gözümün önünə dağlar, yaralı yurdlar, şəhidlərin ruhu gəlirdi. Biz yalnız musiqi ifa etmirdik, biz vətənin ağrısını səsləndirirdik. Və bu səslər bir gün azadlığa çevriləcəkdi — buna inanırdıq.
Və o gün gəldi…
Azad Şuşanın səmasında, Çıdır düzündə “Vətəndən pay olmayır” nəğməsi səsləndi. Sanki göyün özü bizə qulaq asırdı. Yağış yağırdı, amma o yağış təkcə yagış deyildi — şəhidlərimizin sevinç göz yaşları idi.
O an bütün illərin ağrısı silinmişdi qəlbimdən.Artıg,qaysaq baglamış yaralarım belə yoxa cıxmışdı.
Biz sevinirdik, amma gözlərimiz dolu idi. Sevinc göz yaşları ilə. Vətən,nəfəs alırdı dərindən.Deyirlər aa,”Xoşbəxt insan olmur,xoşbəxt an olur”Bax,xoşbəxt an bu idi.
O gün mən anladım: bəzən bir ömür boyu daşıdığın ağrının sonunda gələn sevinc səni bütün dünyadan uca edir. Çünki vətən üçün ağlayan, vətən üçün oxuyan heç vaxt nə tək qalmır,nədə peşiman olmur.Təki,Saqolsun vətənimiz!!!
Müəllif: Əməkdar artist, Aybəniz Haşımova
Mənbə: Azərbaycan.media