Əməkdar artist Dilarə Əliyeva Azərbaycan teatr və televiziya sənətinin parlaq simalarından biridir. O, illərdir ki, səhnədə, ekranda və tamaşaçıların yaddaşında özünəməxsus obrazları, səmimiyyəti və sənətə olan dərin sevgisi ilə seçilir. Onun yaradıcılığı həm peşəkar ustalıq, həm də insan ruhuna toxunan duyğularla zəngindir.
Dilarə Əliyeva uşaqlıq illərindən sənət dünyasına xüsusi maraq göstərib. O, gənc yaşlarından səhnə havası ilə nəfəs alıb, bu istiqamətdə özünü yetişdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aldığı təhsil, teatr sənətinə ciddi və məsuliyyətli yanaşması onun gələcək uğurlarının əsasını qoyub. Aktrisa tədris illərindən etibarən tamaşalarda iştirak etməyə başlayıb və hələ o vaxtdan həm müəllimlərinin, həm də sənətsevərlərin diqqətini çəkib.
Onun sənət yolunun mühüm mərhələsi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə bağlıdır. Dilarə Əliyeva uzun illər bu teatrda çalışıb və bir-birindən maraqlı obrazlar yaradıb. O, İrəvan səhnəsində “Məhəbbət yaşayır hələ” tamaşasında Xatirə, “Durnalar qayıdanda”da Günay, “Ər və arvad”da Günay, “Dərəbəylik”də Henrietda, “Madam-Badam”da Badam, “Didərginlər”də Gəlin, “Oğru”da Mişlin, “Mənim qayınanam” tamaşasında isə Zərifə obrazlarını böyük ustalıqla ifa edib. Bu obrazlar onun yaradıcılıq diapazonunun genişliyini, səhnə təfəkkürünün zənginliyini nümayiş etdirib.
Dilarə Əliyeva İrəvan Teatrında çalışdığı illərdə həmkarlarının, rejissorların və tamaşaçıların rəğbətini qazanıb. Onun səhnədə yaratdığı qadın obrazları həyatın özündən gələn səmimiyyətlə dolu olub. Hər bir rolda o, qadının həm zərifliyini, həm də mənəvi gücünü təbii şəkildə göstərib. Aktrisanın oyununda bəzən bir baxış, bir pauza, bir sözün intonasiyası belə obrazın taleyini tamaşaçıya anlatmaq üçün kifayət edir.
Dilarə Əliyevanın sənət fəaliyyəti yalnız teatrla məhdudlaşmayıb. O, televiziya layihələrində də uğurla çıxış edib və tamaşaçılara ekrandan da doğma olub. Onun adını “Çalçağır”, “Qadın və gülüş”, “Göstərir Radio” kimi maraqlı televiziya layihələrində görmüşük. Hazırda isə o, “Söhbət var” adlı verilişdə fəal şəkildə çıxış edir. Bu proqramda Dilarə Əliyeva həm sənətkar, həm də həyat təcrübəsi olan bir insan kimi dərin, düşündürücü söhbətləri ilə seçilir.
Aktrisa eyni zamanda “SOY Production” layihələrinə rəhbərlik edir və yeni televiziya layihələrində fəal şəkildə iştirak edir. O, hər zaman qeyd edir ki, sənətdə dürüstlük və səmimiyyət ən vacib keyfiyyətlərdir. Onun fikrincə, aktyor səhnədə və ya kameralar qarşısında yalan danışa bilməz, çünki tamaşaçı hissləri dərhal duyur. Məhz bu səmimiyyət və sənətə hörmət onun tamaşaçılarla bağını illərlə qoruyub saxlayıb.
Dilarə Əliyeva həmkarlarının və gənc aktyorların da hörmətini qazanıb. O, gənclərlə işləməyi, onlara sənət dərsləri keçməyi özünə borc bilir. Aktrisa gənclərə səhnə mədəniyyəti, məsuliyyət və peşəkarlıq haqqında tövsiyələr verir. Onun fikrincə, səhnə fədakarlıq və vicdan tələb edir, sənətə sevgi olmadan böyük nəticə əldə etmək mümkün deyil.
Tamaşaçılar Dilarə Əliyevanı təkcə səhnədəki ustalığına görə deyil, həm də insan kimi səmimiyyətinə, sadəliyinə və təvazökarlığına görə sevirlər. O, həm səhnədə, həm də həyatda pozitiv enerjisi ilə ətrafındakı insanlara ruh verir. Onunla işləyən rejissorlar deyirlər ki, Dilarə Əliyeva hər bir tamaşaya böyük məsuliyyətlə yanaşır, hər obrazı dərindən araşdırır və onu ruhən yaşayır.
Bu gün Dilarə Əliyeva sənətdə fəal şəkildə fəaliyyətini davam etdirir. O, səhnəyə və ekrana olan sevgisini, sənətə sədaqətini eyni enerji ilə qoruyur. Onun yaradıcılığı illərdir ki, tamaşaçıların qəlbində yaşayır və bu gün də yeni nəsil üçün nümunə sayılır. Dilarə Əliyeva sənəti ilə sübut edib ki, səhnə insanı yaşadır, sənət isə ömrü mənalandırır.
Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı.
Mənbə: Azərbaycan.media
