Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə alan pasiyentə beyin ölümü diaqnozu qoyulması barədə məlumat daxil olub.
Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə açıqlamasına əsasən, Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiya prosesinin təşkili və əlaqələndirilməsi ilə bağlı zəruri tədbirlər görülüb.
Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümayiş etdirərək orqanların bağışlanmasına razılıq verib. Bununla da Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyi transplantasiya olunub.
Ürək köçürülməsi əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi ilə ixtisaslı tibbi heyət tərəfindən uğurla icra edilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
