Azərbaycan.media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli oktyabrın 31-də Xızı şəhərində vətəndaş qəbulu keçirib.
Nazirlikdən bildirilib ki, qəbuldan əvvəl Adil Kərimli və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin Xızı şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edib. Onlar əsasən iş yeri dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini çatdırıblar.
Adil Kərimli vətəndaşların xahiş və təkliflərini dinləyərək, qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verib.
Qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqət yetirilməsi və obyektiv baxılması barədə göstərişlər verilib.
