🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam edir


Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması mərhələsi ilə davam etdirilib.

Azərbaycan.media xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini bildirib. Hakim bunun üçün şərait yaradılacağını açıqlayıb.

Təqsirləndirilən şəxs David Manukyan isə vəsatət verərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib. Onun vəkili Valeh Qurbanov vəsatəti müdafiə edib. Dövlət ittihamçısı Fuad Musayev isə belə vəsatətin hazırkı məhkəmə mərhələsinin predmeti olmadığını bildirib. Məhkəmə vəsatətin əsassız olduğu qərarına gəlib və təmin etməyib.

Daha sonra Madat Babayanın vəkili Leyla Namazzadə bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs M.Babayan da vəsatətlə razı olduğunu bildirib. Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı mərhələdə təmin olunmamasını istəyib. Məhkəmə vəsatətə müşavirə otağında baxılacağını açıqlayıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.