Hörmətli oxucular!
Azərbaycan.media saytı sizi yeni “Bilmədiyimiz faktlar” adlı rubrika ilə salamlayır. Bu rubrikanın məqsədi tariximizin az tanınan, lakin ibrətamiz məqamlarını oxucularımıza çatdırmaqdır.
Rubrikamızın ilk yazısını dəyərli ziyalımız, Əməkdar jurnalist Etibar müəllim Babayevin “Yalana heykəl” adlı kitabına həsr edirəm. Bu yazı, “Tarixin ibrətli dərsləri” başlıqlı təhlilimlə rubrikamızın başlanğıcını qoyur.
(Etibar Babayevin “Yalana heykəl” kitabı barədə düşüncələrim).

Ötən əsrin otuzuncu illərində Bakının Çəmbərəkənd məzarlığının ərazisində yeni salınan mədəniyyət və istirahət parkından dənizə açılan seyrəngahda ucalan Kirovun heykəli şəhərin hər yerindən görünərdi. Təkcə Azərbaycanda deyil,ucsuz-bucaqsız Sovet İttifaqının müxtəlif təhsil və səhiyyə ocaqları, küçə və
prospektləri, fabrik və zavodları onun adını daşıyırdı. 1935-ci ildən qədim Gəncə şəhərinə də həmin zatıqırığın adı verildi. Təbii ki, butün bunlar SSRİ dövlətinin
daxili siyasətinin ideoloji tələblərinə uyğun paytaxt Moskvadan məqsədyönlü şəkildə ardıcıl surətdə aparılan təbliğat-təşviqat işinin tərkib hissəsi idi.
Tanınmış jurnalist Etibar Babayevin “Yalana heykəl” adlı kitabını diqqətlə oxuyandan sonra yaxın keçmişimizin qaranlıq səhifələri təsəvvürümdə başqa cür canlandı. 1920-ci ildə işğalçı XI Qızıl Orduyla Azərbaycana gələn, 1921-1926-cı
illərdə isə Azərbaycan Kommunist Partiyasına rəhbərlik edən, Stalinin kadrı kimi
tanınan Sergey Mironoviç Kirovun kirli simasını, şübhəli əməllərini, ən başlıcası da
həmin dövrün mənəvi eybəcərliklərini, ziddiyyətli məqamlarını çox rahat anlaşılan
rəvan, səmimi ifadə tərzi ilə qələmə alıb.
Baş verən hadisələr arasında bağlılıq, məntiqi ardıcıllıq yazarın yüksək peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirir.
Vaxtilə əyalət qəzetlərində dərc olunan yazılarla əmək fəaliyyətinə başlayan Sergeyin ömür kitabı 1934-cü il dekabr ayının ilk günü inqilab beşiyi Piterdə, daha
dəqiq desək, Leninqrad şəhərində faciəylə tamamlandı. Buna səbəb Smolnı adı ilə tanınan inzibati binanın dəhlizində tapançadan açılan güllə oldu. Həmin adam hadisə yerində dərhal yaxalansa da, uzun illərin müxtəlif səviyyələrdə dəfələrlə
aparılan araşdırmaları həqiqi qatilin kimliyini dəqiq müəyyənləşdirə bilmədi. Müəllif bu hadisələrin fonunda təkcə Kirovun yox, sovet dövründə ictimaiyyətə
yanlış təqdim olunan müxtəlif mətləblərə aydınlıq gətirib.
Əldə etdiyi yeni arxiv sənədlərinə istinadən bəzi dövlət xadimlərinin, ziyalılararın fəaliyyətini aşkarlıq süzgəcindən keçirərək bu günün gözüylə dəyərləndiməyə çalışıb. İllərlə gizli qalan həqiqətlərin üzə çıxması indiki gənc nəslin nümayəndələrinin vətəndaş kimi formalaşması üçün olduqca əhəmiyyətlidir. Gələcəyə üz tutanlar üçün öz keçmişinə bələd olmaq labüd şərtdir.Əminliklə deyə bilərəm ki, dəyərli araşdırmalarla zəngin “Yalana heykəl” kitabı təkcə faktların doğru sıralanması, yeni gözlə dəyərləndirilməsi deyil, həm də tarixlə qiyabi dialoqdur.
Kitaba yazdığı ön sözdə görkəmli publisist İradə xanım Tuncay müəllifin bu dialoqu necə
qurduğunu dəqiq qeyd edir:
“… Etibar Babayev bizim tamam başqa tərəfdən tanıdığımız və guya asket həyatı
keçirən liderlərin həyatına işıq salır, gözümüzün önündə yeni mənzərələr
canlandırır…
Bu cümlədə söhbət təkcə mövzuya işıq salmaqdan getmir. Göz özünündə canlanan mənzərələr, oxucu yaddaşı, həm də milli şüurda yeni suallar doğurur.
Guya səmimi və təvazökar təqdim edilən liderlərin pərdə arxasında gizlənən gerçək həyat tərzi, xidmət etdiyi ideologiyaya naxələfliyi üzə çıxır.
Müəllif belə halların izinə düşərək, əldə etdiyi məlumatları ədəbi müstəviyə daşıyır.
İradə Tuncayın digər vurğusu isə kitabın metodik gücünü təqdir edir:
“… Tarixin susan faktlarını elə danışdırmaq lazımdır ki, əlahəzrət oxucu üçün
maraqlı olsun. Uzun illər dərin, səssiz, susqunluq içində yatan bolşevik tarixi
bilinməyən tərəflərini bizə göstərmək üçün… işə qarışır və mənə görə, bu ağır işin
öhdəsindən uğurla gələ bilir…
Uzun illər ərzində susmuş faktların danışdırılması özəl zəhmət tələb edir ki,
bunu hər qələm sahibi bacarmaz. Tarixi işıqlandırmaq yalnız arxivə baş vurmaq
azdır. Gərək ruhun təkamülü və ədalətin izinə düşmək, bu yolda səbrlə irəliləmək
lazımdır.
Etibar Babayev bu missiyaya təkcə akademik yanaşmayla deyil, həm də
mənəvi məsuliyyətlə yanaşıb. Kitab həm sənət, həm tarix, həm də vicdanın səsinə
çevrilən sözlə ucaldılan abidədir.Tarixi faktlara əsaslanan ədəbi ümumiləşdirmələr
oxucunu düşünməyə, tarixdən ibrət dərsi almağa səfərbər edəcək gücə malikdir.
Bu əsər haqqında təəssüratlarımı, müəllif tərəfindən yazılmış sözlərlə
tamamlamaq istərdim.
Məncə, bu, həm nəticədir, həm də çağırışdır :
“… İndi nə Kırov var, nə Markus, nə də bir zamanlar bütləşdirilən uca heykəl.
Bolşeviklərin qurduğu quruluşdan da əsər-əlamət qalmayıb. Qalan yalnız olub-
keçənlər barədə xatirələr, heç vaxt silinməyəcək tarixi yaddaş, bir də, hər sabah
Xəzərdən doğan Günəşə üz tutan İNSAN…”
Bu fikirdə zamanın dəyişkənliyi, ideologiyaların sonluğu və insanların sabaha
yönələn ümidləri bir cümləyə sığışıb.
O heykəlin əsarətindən qurtulan seyrəngahın mənzərəsi daha gözəl, havası daha təmizdir. Olub-keçənlər xatirələri unutmaq
olmaz. Çünki, acılı-şirinli xatirələr yalnız keçmişin kölgəsi deyil, həm də gələcəyin bələdçisidir.
Etibar Babayev doğru vurğulayır ki, “Tarix – ibrət dərsi alanlar üçün dərsdir. ” Bu cümlənin məna yükü bir kitaba sığmayacaq qədər zəngindir.
Sözardı:
Tarixi oxumaq yetmir… onu eşitmək gərək. Kitablar faktları yazar — amma səs ruhdan gəlir.
Yalana uyanlar sükuta qərq oldular, vicdanla yaşayanlar isə — səsə çevrildilər.
O səs bu yazımdaydı. Yazım — sükutun içindən doğdu. Bir dəftər bağlanır, amma sual qalır:
“Gerçəyin çəkdiyi ağrını kim daşıyır?”
Bu sual — zamanın qaraltdığı səhifələrdə iz qoyan, adını unudulmuşların arasından silib, vicdanın yaddaşına həkk edən bir sualdır.
Bütlər yıxıldıqdan sonra geriyə yalnız adam qalır — öz yaddaşı ilə, öz sualı ilə, öz yazısı ilə.
O yazı — maskaları yandıran sətirlərin altında közərən bir qığılcımdır.
O yaddaş — susdurulmuş həqiqətin altında döyünən bir ürəkdir.
Artıq adlar yox, mahiyyətlər danışır.
Artıq heykəllər yox, insanlar soruşur:
“Kimin heykəli yoxdursa, onun haqqı da yoxdumu?”
Bu yazı o sualları vermək üçündür.
Bu yazı — kimin unudulduğunu, kimin susduğunu deyil, kimin susdurulduğunu üzə çıxarmaq üçündür.
Etibar Babayevin “Yalana heykəl” kitabını oxuyub səssiz qalmaq — vicdansız qalmaqdır.
Çünki bu yazı — bir etiraf deyil, bir çağırışdır.
Tarixin gözünə baxmaq, onun susduğu yerdə danışmaq cəsarətidir.
Əziz oxucular, bildiririk ki, bu kitab Anadolu türkcəsində İstanbulda da işıq üzü görüb. Oxuculara təqdim edilən nəşr böyük maraq və rəğbətlə qarşılanıb.
Müəllif: Fuad BİLƏSUVARLI
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
