🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şamaxıda böyük mütəfəkkir Seyid Əzim Şirvaninin 190 illik yubileyi qeyd olundu

Ədəbiyyatşünas, alim-tənqidçi, Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan.media saytına açıqlamasında Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı barədə geniş fikir bildirib:

“Dünən Şamaxıda böyük mütəfəkkir, klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış etdim. Bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən hazırlanmış, Azərbaycan Mədəniyyət Nazirliyi, AMEA və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdi.

 

Tədbirdə mənimlə birlikdə deputat həmkarlarım Tamam Cəfərova və Şahin Seyidzadə, eləcə də AMEA-nın dəyərli alimləri Aygün Bağırlı və Mətanət Vahid iştirak edirdilər. Mərasim ədəbi ruh, poeziya və musiqi ilə yoğrulmuş gözəl bir atmosferdə keçdi. Sözün, fikir və duyğunun, mənəvi zənginliyin təntənəsini hiss etmək mümkün idi.

 

Xüsusilə Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” filminin nümayişi tədbirə ayrıca dərinlik və duyğusal məzmun qatdı. Bu film vasitəsilə həm klassik şairin həyat yolu, həm də onun Azərbaycan ədəbi düşüncəsinə verdiyi böyük töhfələr bir daha xatırlandı.

Seyid Əzim Şirvani təkcə dövrünün deyil, ümumən Azərbaycan maarifçiliyinin, milli oyanış və mədəni dirçəlişin rəmzidir. Onun yaradıcılığında insan azadlığı, elm, təhsil və mənəvi kamillik ideyaları bu gün də öz aktuallığını qoruyur.

Bu cür tədbirlər, şübhəsiz ki, ədəbi irsimizin yaşadılması, klassiklərimizin adının və ideallarının gənc nəslə çatdırılması baxımından çox önəmlidir. Böyük şairin ruhu şad olsun!”

Mənbə: Azərbaycan.media