Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş – 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs – təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunmasını, ətraf mühitin dayanıqlı idarə olunmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etməyi hədəfləyir.
