🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Görüş zamanı Mirça Abrudean Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, ABŞ Prezidentinin şahidliyi ilə Vaşinqtonda imzalanmış bəyannamə və Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlət başçısını təbrik edib. Rumıniyalı qonaq bu prosesin regionda sülhün bərqərar olmasına və inkişafın sürətlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Senat sədri həmçinin Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Mirça Abrudean Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin və beynəlxalq parlament platformalarında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkür edərək, Ermənistanla sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Dövlət başçısı əldə olunan nəticələrin bütün region üçün tarixi əhəmiyyət daşıdığını bildirib.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə həyata keçirilən Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikintisi layihəsinin əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, bu layihə həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından mühüm rol oynayır.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.