Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirliyin xəbərdarlığında bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün axşamdan başlayaraq sabah günün birinci yarısınadək ölkənin bəzi ərazilərində hava şəraiti kəskinləşəcək. Belə ki, güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv yağışın yağacağı, çaylarda sel və daşqın hadisələrinin müşahidə olunacağı, həmçinin şimşək çaxacağı proqnozlaşdırılır.
FHN əhalini təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Qurum bildirir ki, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və elektrik dirəklərindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq vacibdir. Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməli, kiçikhəcmli gəmi istifadəçiləri isə dənizə çıxmamalıdırlar.
Nazirlik, həmçinin intensiv yağıntıların yarada biləcəyi sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağı tövsiyə edir: belə hallarda sel riski olan ərazilərdən uzaq durmaq və təhlükə yaranarsa, dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq lazımdır.
İldırım zamanı təhlükədən qorunmaq üçün isə FHN vətəndaşlara elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətləri və hündür ağaclardan uzaq durmağı, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləməyi məsləhət görür.
