Azərbaycan.media xəbər verir ki, Ərdəbil əyaləti gələn il hidroturizm konfransına ev sahibliyi etməyə hazırdır. Bu barədə Ərdəbil əyalətinin mədəni irs, turizm və sənətkarlıq üzrə baş direktoru Cəlil Cabbari Şəkidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun birinci iclasında bildirib.
C.Cabbari vurğulayıb ki, tarixi İpək Yolunu dünyanın zəngin və cəlbedici turizm marşrutlarından birinə çevirmək mümkündür:
“Tarixi İpək Yolu yalnız ticarət marşrutu deyil, həm də sivilizasiyalararası mübadilə və əməkdaşlığın simvoludur. Bu ekoturizm konsepsiyası iştirakçı ölkələrə bir-birindən fərqli, lakin əlaqəli turizm təcrübəsi əldə etməyə imkan verir. Birgə brendinq sadəcə strategiya deyil, zərurətdir. Reklam, marketinq və kontent istehsalında əməkdaşlıq xərcləri azaldacaq və əhatə dairəmizi genişləndirəcək. Bu kontekstdə “ECO – Silk Road” turizm istiqaməti üzrə illik müsabiqə ən yaxşı təcrübələrin tanıdılması və təşviqi üçün güclü vasitədir. Birgə brendinq və illik müsabiqə həm ortaq kimliyi gücləndirir, həm də məhsulların keyfiyyətini konstruktiv əməkdaşlıq və rəqabət yolu ilə təmin edir.”
Baş direktor həmçinin qeyd edib ki, ECO üzvləri arasında hidroterapiya sahəsində əməkdaşlıq şəbəkəsi yaradılması və bu istiqamətin inkişaf etdirilməsi nəzərdə tutulur:
“Ərdəbil vilayəti 2026-cı ilin birinci yarısında hidroturizm konfransına ev sahibliyi etməyə və xüsusi işçi qrupunun yaradılmasına hazırdır. Gələcək planlara əl sənəti ixracının təşviqi, yerli sənət nümunələrinin beynəlxalq platformalarda təqdimatı, vahid səyahət paketlərinin hazırlanması, İpək Yolu brendinin formalaşdırılması, turizm siyasətlərinin rəqəmsal transformasiya və davamlı inkişaf strategiyası ilə uyğunlaşdırılması, həmçinin ‘davamlı istiqamət’, ‘mümkün istiqamət’, ‘ortaq istiqamət’ kimi nominasiyaların elan edilməsi daxildir.”
İran nümayəndəsi əlavə edib ki, turizmin inkişafı üçün vahid loqo və şüar hazırlanması, holoqrafik və vizual qaydaların işlənməsi, çap və rəqəmsal mediada birgə tanıtım kampaniyaları, regional və qlobal bazarlara ortaq marketinq təşəbbüsləri, sənədli filmlər və reportajların hazırlanması, həmçinin beynəlxalq turizm sərgilərində mədəni tədbirlərin təşkili də planlaşdırılır.
