🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zemfira Məhərrəmlinin Özgə dərdi hekayəsi

Zemfira Məhərrəmli
yazıçı-publisist

Özgə dərdi

 

Qonşu məhəllədəki yataqxanada neçə ildir ki, qaçqınlar yaşayır. Bət-bənizi qaçmış,
çirkli eyvanları, sınıq-salxaq qapı-pəncərələri ilə gözümüzü yağır edən, Birinci Qarabağ
savaşından ağır miras qalmış bu binada, dünyanın bəlkə ən gözdən-nəzərdən kənar
güşəsində gözə dəyən adamların başı daim qeylü-qallıydı. Üzbəüz binada yaşadığımız üçün
buraya girib-çıxanların, gündəlik ruzusunu evinə daşıyan, ağır çantalarını çiynindən çıxarıb
qırıq-sökük pillələri qaçaraq qalxan uşaqların səs-küyünə çoxdan alışmışdıq.
Bir gün dərs dediyim məktəbdən çıxıb evə gələndə yataqxananın girişinin rəngbərəng
lentlərlə, çiçəklərlə bəzədildiyini gördüm. Doğrusu, çox sevindim. Qaçqın-köçkün
qonşularımızın bomboz, yeknəsəq həyatına bir istilik, yeni nəfəs qatılacağı içimə xoş hisslər
doldurmuşdu. Qarşıma çıxan ağbirçək anadan “Kimin xeyir işidir?” − deyə soruşdum.
“Rəna bu gün gəlin köçür” cavabını eşitdim. Rənanın nənəsinin çuxura düşmüş gözlərində
sevinc işartıları açıq-aşkar duyulurdu:
− Müəllimə, sizi də məclisimizə dəvət edirik, − deyib getdi.
Bu dəvətə görə, əslində qürurlandım. Düşündüm ki, axar-baxarlı yurd yerini, isti ev-
eşiyini itirmiş, şəhərin bir küncündə, darısqal yataqxanaya sığınmış bir ailəyə hansısa
hədiyyəmlə yardımçı ola bilərəm. Üzügülər, mehriban Rənaya kiçik siniflərdə dərs
demişdim, xətri mənə əziz idi. Qızcığaz gözümüzün qabağında böyümüşdü. Bu gün isə o,
ağ gəlin duvağına bürünüb gəlin köçəcək, bir evin çırağını yandıracaqdı.
Evdə qərar tuta bilmirdim, toy evinə getməyə tələsirdim. Yataqxananın ikinci
mərtəbəsinə qalxanda xeyli qonaq-qara ilə, amma nədənsə narahat bir mənzərə ilə
qarşılaşdım. Hərə bir tərəfə vurnuxur, nəyisə axtarırdı. İçəri girib Rənanın anası və özü ilə
görüşdüm. Onların da təlaş dolu çöhrəsi gözümdən yayınmadı:
− Nə olub, nə baş verib?! – deyə soruşdum.
− Elə bir işə düşmüşük ki, müəllimə, bilmirik, nə edək! Rənanın nişan üzüyü itib.
Neçə saatdır ki, hər yeri axtarırıq, tapılmır ki tapılmır.

Qızın anası doluxsunmuş gözlərini yaylığının ucuyla sildi:
– Nişan üzüksüz də gəlin köçər?! Başıma haranın daşını töküm?!
Rənanın isə həyacandan sanki dili tutulmuşdu. Güc-bəla ilə:
− İndi mən nə edim? – deyib köksümə sığındı.
Gətirdiyim xonçanı hələ də əlimdə tutmuşdum. Heç mən də nə edəcəyimi
bilmirdim. Rənanı bağrıma basıb yanında oturdum. Başımda yüz fikir dolanırdı: çətin
duruma düşən qıza necə kömək edim?
Vaxt keçir, köhnə divar saatının aramsız çaqqıldayan əqrəbləri toya lap az qaldığını
yadımıza salırdı. Xeyir işə gələn qohum-əqrəbanın əndişəsi, itiyini axtaranların səs-küyü
gərginlik yaradırdı.
Ani olaraq ağlıma bir fikir gəldi. Rənanın anasına:
− Beş-on dəqiqəyə qayıdıram, – deyib pillələri sürətlə endim.

2

Binaya çatıb, mənzilimə necə qalxdığımı indi güclə xatırlayıram. Bəzəkli incə
qutuda saxladığım təzə nişan üzüyünü paltar dolabımdakı mücrüdən götürüb evdən çıxdım.
Əsgərlikdən yenicə qayıtmış oğlum üçün arzu-kamla aldığım nişan üzüyünü əlimdə
bərk-bərk tutmuşdum. İti addımlarla gedir, sanki yüyürürdüm. Rəhmətlik anamın
“kimsəsizin dərdini həmişə özününkü bil” nəsihətini yaddaşımda çözələyirdim. Qutudakı
üzüyü Rənanın barmağına taxanda ağ paltarlı mələyə elə bil dünyanı bağışladılar. Hamı
təəccüb içində bir-birinə baxırdı. Qız anasının sevinc və həyəcandan dili söz tutmur, necə
təşəkkür edəcəyini bilmirdi.
Elə bu vaxt “Vağzalı”nın gur sədaları ətrafa yayıldı. Oğlan adamı gəlini aparmağa
gəlmişdi…
Qız köçürən ananın göz yaşları titrəyən yanağı boyunca süzülürdü. Mən də
kövrəlmişdim, sevinc göz yaşlarıma hakim ola bilmirdim.
Bu hadisədən xeyli vaxt ötüb. Amma bu olayı indi də xoş bir duyğutək xatırlayıram.
Odlu Qarabağ cəbhələrinin udduğu gənc həyat yoldaşımın surəti gözüm önündən çəkilmir.
Atasız böyütdüyüm oğlum az sonra ailə qurarkən uca Yaradanın mənə yox yerdən necə
qapılar açdığını, Allahın bu xeyir işə də zamin olduğunu heç vaxt unutmuram.

 

Mənbə: Azərbaycan.media