🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yeni Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu istifadəyə verilib

Azərbaycan.media xəbər verir ki, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycan beynəlxalq logistika əlaqələrini genişləndirmək və nəqliyyat əməkdaşlığını gücləndirmək məqsədilə yeni Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan (Bakı) sınaq marşrutunu istifadəyə veriblər.

Türkmənistan Nəqliyyat və Logistika Mərkəzinin (TULM) məlumatına görə, layihə TULM, Özbəkistanın “Öztemiryo‘lkonteyner” ASC və Azərbaycanın “Alliance Multimodal” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Pilot mərhələdə Çindən Azərbaycana dörd ədəd 40 futluq konteyner göndərilib. Konteynerlər artıq Qırğızıstanın Oş stansiyasına çatıb və hazırda sənədləşmə prosesi aparılır. Yüklərin dəmir yolu ilə Özbəkistan və Türkmənistan ərazisindən keçərək Xəzər dənizi üzərindən Azərbaycana daşınması planlaşdırılır.

Razılaşmaya əsasən, Oş stansiyasından Bakıya tranzit müddəti 12 təqvim günü təşkil edir.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) Çini Orta Asiya, Xəzər dənizi, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən ənənəvi logistika xəttlərinə mühüm alternativ sayılır.