Azərbaycan.media xəbər verir ki, Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri təxminən 4,5 milyard il əvvəl yaranmış proto-Dünyanın — Yerin ilkin versiyasının — izlərini müəyyən ediblər. Bu kəşf planetimizin yaranma tarixi ilə bağlı ən qədim sirlərin açılmasına yaxınlaşdırır.
Yeni tədqiqat “Nature Geosciences” jurnalında dərc olunub və həm gənc Yer kürəsi, həm də Günəş sisteminin formalaşmasına təsir edən ilkin “tikinti blokları” barədə yeni elmi dəlillər təqdim edir.
MIT və bir sıra beynəlxalq tədqiqat mərkəzlərinin alimləri Yer səthinin ən qədim süxurlarında kalium izotoplarında qeyri-adi balanssızlıq aşkar ediblər. Bu fərq digər Yer materialları ilə uyğun gəlmir və çox qədim geoloji qatlarda tapılıb.
Alimlər bildiriblər ki, bu kimyəvi fərq sonrakı geoloji proseslər və ya toqquşmalarla izah edilə bilməz. Onların fikrincə, həmin süxurlar proto-Dünya dövründən qalan orijinal materialları qoruyub saxlamış ola bilər.
Tədqiqat zamanı Qrenlandiya və Kanadadan götürülən qədim süxur nümunələri, eləcə də Havay adalarındakı vulkanik lava qalıqları analiz olunub. Nəticələr göstərib ki, əksər Yer materiallarından fərqli olaraq, nümunələrdə K-40 izotopunun səviyyəsi azdır.
MIT-nin Geologiya və Planet Elmləri üzrə dosenti Nikoul Nay tapıntını belə izah edib:
“Bu, sarı qum dolu bir qabda bircə qəhvəyi qum dənəsini tapmaq kimidir. Nümunələr fərqli şəraitdə formalaşıb və çox güman ki, proto-Dünya dövrünün qalıqlarıdır”.
Alimlər, izotop çatışmazlığının planetin yaranması zamanı baş verən nəhəng toqquşmalarla əlaqəsini öyrənmək üçün simulyasiyalar aparıblar. Nəticələr göstərib ki, zaman keçdikcə az K-40 tərkibli ilkin materiallar digər maddələrlə qarışaraq müasir süxurların tərkibinə daxil olub.
Bu isə o deməkdir ki, K-40 çatışmazlığı olan nümunələr proto-Dünyadan qalan orijinal materialları təmsil edə bilər. Lakin tapılan izotopik izlər məlum meteoritlərlə tam uyğun gəlmir ki, bu da proto-Dünyanı formalaşdıran meteoritlərin hələ aşkar edilmədiyini göstərir.
Dosent Nay bildirib:
“Müxtəlif meteorit qruplarından əldə olunan məlumatları birləşdirərək, Yer kürəsinin kimyəvi mənşəyini anlamağa çalışırıq. Lakin bu tədqiqat göstərir ki, hələ bütün meteorit növləri aşkar edilməyib və planetimizin haradan gəldiyini öyrənmək üçün qarşıda çox iş var”.
