Xərçəngin yaranmasında bir çox amillər təsir göstərsə də, ən böyük pay təxminən 30-35% qidalanma amilinə aiddir.
Azərbaycan.media xəbər verir ki, bu barədə həkim-onkoloq Afət Cabbarova Redaktor.Az-a açıqlamasında bildirib. Həkimin sözlərinə görə, düzgün və sağlam qidalanmamaq, hazır və emal olunmuş məhsullara, şəkərə, trans yağlara üstünlük vermək, həmçinin fast-food qidalarını tez-tez qəbul etmək xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.
Afət Cabbarova əlavə edib ki, digər mühüm risk amillərinə həyat tərzi və stres, zərərli vərdişlər – siqaret çəkmə və alkoqol istifadəsi daxildir. Fiziki aktivliyin azalması, oturaq həyat tərzi, yuxu rejiminin pozulması da xərçəng riskini artırır.
Xüsusilə qadınlar arasında bəzi hormonal dəyişikliklər də bu riskləri gücləndirir. Hamiləlikdən uzaq qalmaq, uzun müddət hamiləlikdən qoruyucu həblər qəbul etmək və hormonal pozğunluqların artması son illərdə xərçəng hallarının çoxalmasına təsir edən əsas səbəblərdən sayılır.
Həkim vurğulayıb ki, görünən odur ki, xərçəngin yaranmasında risk faktorlarının əksəriyyəti insanın gündəlik həyat tərzi ilə bağlıdır.
