Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirib
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Musavat.com-a açıqlamasında nikahdankənar oğlunun olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, şəxsi həyatının mətbuata aid olmadığını vurğulayıb:“Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki?
Nikahdankənar oğlumun olduğunu danmıram. Sözümü hər zaman düz deyən və ləyaqətini qoruyan bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. Ona bunu mən özüm demişəm.”
F.Ağamalı qeyd edib ki, bu əhvalata görə həyat yoldaşından üzr istəyib və xanımı onu bağışlayıb:
“Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərə bilməz.”
Partiya sədri həmçinin Ramiz Mehdiyevə qarşı şəxsi münasibətini də dilə gətirib:
“25 il bundan əvvəl ona xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının və müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı ürəyində qalacaq. Mən heç kimin şəxsi həyatına müdaxilə etmərəm.”
O, nikahdankənar oğlunun 1987-ci il təvəllüdlü İlqar Fəzail oğlu Ağamalıyev olduğunu təsdiqləyib. Ailə daxilində İlqar daha çox “Oleq” adı ilə tanınıb. İlqarın anası rus əsilli qadındır və F.Ağamalı 1980-ci illərin sonunda onunla Bakı şəhərində tanış olub. Bu münasibətdən oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalı bildirib ki, həyat yoldaşı bu məsələni öyrəndikdən sonra ailədə problemlər yaşanıb və nəticədə oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmaq məcburiyyətində qalıb. Onları Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.
“Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm yoxdur. Onlar ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram.”
