Azərbaycan.media xəbər verir ki, Litva, Latviya və Estoniya Rusiyanın sanksiyaya məruz qalmış neftini daşıyan “kölgə donanması”na gizli dəstək göstərir. Bu barədə Litvanın LRT telekanalı araşdırma yayıb.
Jurnalistlərin araşdırmasına görə, Baltik ölkələrində fəaliyyət göstərən və dənizdə gəmilərin yanacaqla təchizatı üzrə ixtisaslaşmış “Fast Bunkering” şirkətləri şəbəkəsi 2024-cü ilin iyunundan 2025-ci ilin martına qədər idarə etdiyi “Rina” və “Zircone” adlı iki yanacaq gəmisi ilə Baltik dənizində 286 yanacaq doldurma əməliyyatı həyata keçirib. Bu əməliyyatlardan ən azı 159-u, yanacaq doldurmadan əvvəl və ya sonra, Rusiya limanlarına daxil olmuş tankerlərlə bağlı olub.
Kiyev İqtisadiyyat Məktəbinin analitiki Anatoli Kravtsev bildirib ki, bu əməliyyatlar zamanı azı 20 tanker Rusiyanın “kölgə donanması”na aid olub.
“Xüsusilə, həmin gəmilərin heç biri Beynəlxalq “P&I” klub qrupuna daxil sığorta şirkətləri tərəfindən sığortalanmayıb, sahibləri və idarəedici şirkətləri isə neftin qiymətinin məhdudlaşdırılması koalisiyasının yurisdiksiyasından kənarda qeydiyyatdan keçib,” – deyə Kravtsev vurğulayıb.
