🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Məşhur “Ölkəm” mahnısının müəllifi… – Fuad Biləsuvarlı yazır 

Azərbaycan musiqisinin səmasında ulduzlar çoxdur. Hər biri öz rəngi, öz işığı, öz hikməti ilə bu sənət səmasına ilham verir. Bu ulduzlardan biri var ki, ömrünün qısalığı ilə yox, sənətinin böyüklüyü ilə tanındı — Asəf Zeynallı. Onun səsi zamanın dərinliyindən gəlir, ruhlara toxunur, milli yaddaşımızda yaşayır.

Bu yazımda o səslərin ardınca gedəcəyəm — bir uşağın qarmona baxan gözlərindən başlayaraq, xalqın musiqi xəzinəsinə çevrilən notlara qədər… Bu, təkcə bir bəstəkarın həyat yolu deyil, həm də bir millətin musiqidəki kimliyini axtaran ruhun səyahətidir.

1909-cu ildə Dərbənd şəhəri bu dünyaya yeni bir körpə bəxş edir — gələcəyin musiqi dühası, lakin o zaman heç kim bilmir ki, bu uşağın adı bir gün xalqın yaddaşına əbədi həkk olunacaq. Nə sadə zəhmətkeş bir ata, nə də qarmonun sədasıyla evlərini yaşadan ana, övladlarının hansı ucalıqlara çatacağını təsəvvür edə bilmir.

Ailənin sonbeşiyi olan Asəf doğulduğu andan etibarən sevilir, əzizlənir — ailənin gül balası, ananın sükuta bürünən gecələrinin mənalı nəfəsi olur. Amma bu sevinclə yoğrulmuş günlər uzun sürmür. Cəmi bir yaşında olarkən atasını itirir. Ata itkisi yalnız ailənin çiyninə ağır yük deyil, həm də Asəfin taleyinə yazılmış ilk ağrılı notdur.

Ananın üzərinə düşən məsuliyyət isə bəlkə də bir romanın qəhrəmanına yaraşacaq qədər böyükdür. O, yalnız ailəni ayaqda saxlamaqla kifayətlənmir, həm də musiqiyə olan incə hisslərini övladına ötürür. Hər axşam qarmonun kövrək sədaları evin divarları arasında dolaşır, Asəfin ruhunu dindirir, arzularına pəncərə açır.

Balaca Asəf az yaşına baxmayaraq, musiqiyə qarşı sonsuz maraq göstərir. O, saatlarla qarmon sədalarına qulaq asır, sanki hər notun içində öz yolunu, öz ucalığını görür. Gözləri parlaqlıqla dolur, arzular isə musiqinin qanadında göyə yüksəlir.

Artıq Asəf 7 yaşındadır. Amma onun duyumu, müşahidəsi və estetik hissi elə bir səviyyədədir ki, yaşıdlarından qat-qat irəli gedib. Onun musiqiyə olan bağlılığı ailənin gündəlik həyatına bir işıq, bir nəfəs, bir ümid kimi doğur.

Musiqi ilə nəfəs alan uşaq – Asəfin ilk addımları

Musiqiyə dair hər şey Asəf üçün ayrı bir aləmdir. Tonun titrəyişi, ritmin nəbzi, melodiyanın qəlbdə oyatdığı hiss – bunlar onun daxili dünyasının sükutunu pozan ən gözəl səslərdir. Anası bu qeyri-adi marağın fərqinə varan kimi fürsəti əldən vermir. Elə 7 yaşında oğlu Asəfi Dərbənd Teatr məktəbinə gətirir.

O gün Asəfin taleyində yeni bir səhifə açılır. Məktəbin divarları arasında ucalan musiqi səsləri sanki onu çağırır, onun ruhunu oxşayır. Uşaq xorunda ilk dəfə səhnəyə çıxanda gözləri işıq saçır, ürəyi sevinclə döyünür — bu səhnə onun üçün yalnız musiqinin deyil, həyata bağlanmağın da başlanğıcı olur.

Tanınmış simaları hər gün görməsi, onların sükutlu təvazökarlığına tamaşa etməsi, musiqiyə olan sevgisini daha da artırır. Xor məşqlərində hər notu öz ürəyindən keçirir, sanki mahnılar onun içindən doğur. O, artıq musiqiyə təkcə maraq göstərmir — musiqi ilə yaşayır, musiqi ilə nəfəs alır. Dərs saatlarından sonra klarnetin sədalarını öyrənməyə başlayır, elə bil yeni bir dil kəşf edir: hisslərin dilini.

11 yaşına qədər həyat onun üçün bir məktəb deyil, əsl musiqi akademiyasına çevrilir. Günlər keçir, lakin onun içindəki axtarış sönmür — əksinə, sanki musiqinin sirli yollarında addım-addım yeni ucalıqlara doğru gedir. Qarmonun həsrətli sədalarından xorun qalxan tonlarına, klarnetin incəliyindən səhnənin cazibəsinə qədər — Asəf hər detala möcüzə kimi yanaşır.

O, axtarışdadır. Amma adi bir axtarış deyil bu — bu, kimliyini, ruhunu, tale yolunu axtaran bir uşaq müdrikliyidir.

Bax, elə bir vaxt idi ki, Dərbəndin özünəməxsus sakitliyində böyüyən Asəf ailəsi ilə birlikdə böyük bir addım atır – onlar Azərbaycana, paytaxt Bakıya köçürlər. Bu köç təkcə məkan dəyişikliyi deyil, bir uşağın taleyində yeni üfüqlərin açılması idi. Bakı – geniş küçələri, zəngin mədəni həyatı və musiqiyə olan ehtiramı ilə Asəfin ruhuna dərhal nüfuz edir.

Yeni mühit, yeni imkanlar… və Asəf bütün bu dünyaya musiqi gözü ilə baxır. Musiqi Texnikumuna qəbul olunması onun üçün sanki xəyalın gerçəyə çevrilməsi olur. İstedadı elə ilk andan parıldayır. Gənc yaşına baxmayaraq, musiqi dili onun üçün ana dili kimidir. 14 yaşında “Truba üçün pyes” adlı əsərini yazdıqda, bu yeniyetmənin gələcəkdə nələr bacaracağı artıq musiqi bilicilərinin diqqətindən yayınmır. Əsər incəliyi və ifadə zənginliyi ilə dərin təqdir qazandırır.

Artıq texnikumun koridorlarında bir ad dillərdə dolaşır – Asəf Zeynallı, istedadlı gənc bəstəkar. Onun yalnız texniki bacarıqları deyil, musiqiyə olan duyğusal yanaşması da fərqlənir. O, səsləri sadəcə birləşdirmir — səslərin içində öz ruhunu gizlədir.

Bu yüksəliş onu daha da geniş səmaya aparır. Asəf Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur, bəstəkarlıq şöbəsində təhsil almağa başlayır. Bu addım təkcə şəxsi inkişaf deyil, milli musiqi tariximiz üçün də əlamətdar an olur — çünki Asəf peşəkar bəstəkarlıq təhsili alan ilk azərbaycanlı bəstəkar kimi tarixə düşür.

O, bu böyük yükü sevə-sevə daşıyır. Musiqinin hüdudlarının genişliyini anlayır və biliyə olan ehtirası ilə hər gün daha dərindən araşdırır. Onun üçün musiqi sadəcə səslər yığını deyil — bu, öz xalqının səsini dünyaya tanıtmaq üçün seçdiyi müqəddəs yoldur.

Bakı Asəf üçün yalnız yeni bir şəhər deyildi — o, bu şəhərin musiqi damarlarında yaşamağa başlamışdı. Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmaq Asəf üçün sadəcə bir təhsil mərhələsi deyil, musiqi ilə iç-içə yaşamaq və onu dərindən dərk etmək üçün müqəddəs bir yol idi.

Bəstəkarlıq şöbəsində dərs almağa başlayan gənc Zeynallı çox yaxşı anlayırdı ki, musiqi yalnız notlardan və səs dalğalarından ibarət deyil. Musiqi bir millətin ruhunu, bir xalqın hissini, tarixini və tale yükünü daşıyan bir sənətdir. Bu sənətdə iz buraxmaq üçün isə dərindən öyrənmək, daim axtarmaq və heç vaxt razılaşmamaq lazımdır.

Asəf məhz belə bir tələbə idi — hər gün yeni bir mövzunu araşdırır, hər əsərin mahiyyətinə varır, sanki musiqi tarixini özü ilə söhbətə çəkirdi. Müəllimləri onun müdrik baxışlarını və fərqli yanaşmasını heyranlıqla izləyirdilər. O, əsərlərinə sadəcə texniki biliklərlə yanaşmırdı — onların içində öz hisslərini, öz xalqını, öz ana dilini danışdırırdı.

Ən önəmlisi isə odur ki, Asəf Zeynallı bu sahədə professional bəstəkarlıq təhsili alan ilk azərbaycanlı idi. Bu fakt onun üzərinə həm məsuliyyət, həm də ilham gətirirdi. O, təkcə öz adını yox, Azərbaycan musiqisinin gələcəyini daşıyırdı çiynində. Hər yazdığı nota, hər dinlədiyi melodiyaya bir millətin səsini hopdurmağa çalışırdı.

Konservatoriyanın divarları arasında gəzərkən onun fikri bircə yerdə idi — musiqini milliləşdirmək, onu Azərbaycan torpağının qoxusu, sözünün ahəngi, dərdinin səsi ilə yoğurmaq.

Artıq Asəf gənc olsa da, musiqi dünyasında tanınan bir simaya çevrilmişdi. Onun adını eşidən hər kəs bir istedadın doğuşunu hiss edir, gələcəkdə Azərbaycan musiqisinin ucalıqlarında onun imzasını görəcəyinə qəlbən inanırdı. Asəfin musiqi duyumu, ifadə gücü və axtarış ehtirası onu fərqli bir zümrəyə – yaradıcıların sükutlu aləminə aparmışdı.

Onun yüksəlişi musiqi korifeyimiz Üzeyir Hacıbəylinin də diqqətindən yayınmadı. Böyük bəstəkarın Zeynallıya olan rəğbəti təkcə istedadına deyil, onun xalq ruhunu daşıma gücünə bağlı idi. Onların görüşləri sadəcə müəllim-tələbə münasibəti deyildi — bu, bir ruhun digər ruhu tanıması, bir missiyanın digərinə qol-qanad verməsi idi. Hacıbəylinin dəyərli tövsiyələri, musiqiyə verdiyi fəlsəfi yanaşma Asəfin içindəki yaradıcı gücü daha da alovlandırırdı.

Artıq gündəlik dərslər, məşğələlər Asəf üçün sadəcə vəzifə deyil, vəcdə gəlmək üçün bir mərasim idi. Musiqi onun üçün yad deyildi — hər bir not ona doğma idi, hər bir melodiyada öz keçmişini, xalqının taleyini hiss edirdi.

Təhsil almaqla kifayətlənməyən Zeynallı əsl musiqişünas kimi missiyasını dərk edir. O, həvəskar bəstəkar olsa da, xalq musiqisinin gücünü, dərinliyini və yaşarlığını anlayır. Ona görə də bölgələri gəzərək, Azərbaycan xalqının musiqi mirasını toplamağa başlayır. Qoca çinarların kölgəsində oturub ağsaqqalların ürəyindən çıxan nəğmələri dinləyir, ağbirçəklərin ninnilərindən qədim ritmləri duyur. Bu səslər sadəcə folklor deyildi — xalqın yaddaşında yazılmış gizli bir kitab idi.

Asəf bunları nota salır, kağızın sətirlərinə xalqın ruhunu köçürürdü. Bu iş nə qədər ağır olsa da, onun üçün bir az da müqəddəs idi. Çünki bu melodiyalar Azərbaycanın musiqi xəzinəsinin qızıl açarları idi. Onların əldən çıxmaması, gələcək nəsillərə ötürülməsi Asəfin öhdəsinə düşən tarixi bir məsuliyyət idi.

Bu zəhmət, bu axtarış, bu sevgi – Asəf Zeynallını təkcə istedadlı bəstəkar kimi deyil, həm də xalq musiqisinin vicdanı kimi tarixə yazırdı.

Musiqi beşiyi Qarabağa səfəri zamanı tanınmış Xan Şuşinski ilə görüşü onun həyatında unudulmaz anlara çevirilir. Asəfin niyyətini bilən xanəndə onun üçün bəstələdiyi ” Alma almaya bənzər” mahnısını oxuyur. İlahi səs, gözəl melodiya Asəfi valeh edir. Həmin mahnını bu günün özündə də eşidənləri böyük Xan Şuşinskinin ifasında ovsunlayır.

Azərbaycan musiqi tarixində elə bir romans var ki, onun sədası illərdir qəlbləri titrədir, ruhları oyadır. Sözləri Cəfər Cabbarlının, musiqisi isə Asəf Zeynallının olan bu möhtəşəm sənət əsəri — “Ölkəm” romansı — təkcə bir musiqi nümunəsi deyil, bir xalqın öz torpağına olan sevgisinin poetik və melodik ifadəsidir.

Cabbarlının “Sevimli ölkəm” adlı şeiri 1919-cu ildə yazılmışdı, lakin bu poetik incinin musiqiyə çevrilməsi 1928-ci ildə baş verdi. Gənc Asəf Zeynallı, cəmi 19 yaşında olarkən bu şeirə musiqi bəstələyərək Azərbaycan musiqisində klassik Avropa romansının ilk nümunəsini yaratdı. Bu romansda sözlə musiqi elə bir vəhdət təşkil edir ki, sanki hər misra bir notla nəfəs alır, hər melodiya bir fikir kimi səslənir.

“Ölkəm” romansı uzun illərdir ki, sevilə-sevilə dinlənilir. Onun bu qədər sevilməsinin səbəbi təkcə musiqi gözəlliyində deyil — bu əsər doğma Vətənin dağlarını, düzlərini, insanlarını, ruhunu tərənnüm edir. Hər bənddə Azərbaycan torpağının qoxusu, xalqının nəfəsi duyulur. Bəlkə də elə buna görə bu romans zamanın sınağından keçərək bu günə qədər yaşayıb.

İstedadlı bəstəkar Asəf Zeynallı musiqimizin inkişafı sahəsində bir çox xidmətlər göstərmişdir. Lakin təkcə bu romansla belə onun adı Azərbaycan musiqi sənəti tarixində əbədi qala bilərdi. Bu əsər onun sənətkar ruhunun, xalqına olan sevgisinin və musiqiyə verdiyi dəyərin simvoludur.

Hər bir insanın tale yazısı var. Gənc yaşlarından parlayan və son dərəcə nakam ömür yaşayan istedadlı bəstəkar Asəf Zeynallının da. Cəmi 23 il yaşayıb sənətdə böyük iz qoyub getmək hər adamın işi deyil. Amma heç vaxt unudulmayacaq Asəf Zeynallı, məhz, belə bir ömür yaşadı. Xeyirxah məqsədlə bölgələrə səfəri zamanı yoluxduğu yatalaq xəstəliyi onu çox erkən yaxaladı, parlaq həyatına son qoydu. Çox əfsuslar olsun…

Yaşasaydı, nə qədər romanslar, nə qədər mahnılar, nə qədər simfonik tablolar eşidəcəkdik ki, onların hər birində bir cümlə səslənəydi: “Musiqisi – Asəf Zeynallınındır.” Bu ad yalnız müəlliflik üçün deyil, sənətə olan məsuliyyətin, sevginin və dərin duyumun nişanəsi kimi eşidiləcəkdi. Dinləyənlər təkcə melodiyadan ləzzət almaz, onun hər notunda məftun olar, ruhlarının dərinliyində bu dahini yaşadardılar.

Amma nə edəsən ki, həyat öz hökmünü verir – çox vaxt sənətkarın ömrü qısa, amma izi silinməz olur. Asəf Zeynallı da bu taleyi yaşadı. Qısa ömür payında böyük sənət yükü daşıdı. Amma yaxşı ki, həmin ömür payı boş qalmadı — bizə yadigar qoyduğu musiqi əsərləri sanki onun özü kimi yaşayır. Onun hər bir bəstəsi bizi keçmişə bağlayır, gələcəyə ümid verir.

SÖZARDI: Asəf Zeynallının yazdıqları zamanın tozuna bürünmür, nəsillərin dilində, qəlbində dolaşır. Hər mahnı, hər romans onun adını yaşadır, onun ruhunu duyur. Hər dəfə “Ölkəm” səsləndikcə, təkcə Vətənin deyil, Zeynallının da səsi eşidilir. Onun musiqisi zamanın ölçüsünə sığmayan bir sənət qalasıdır.

Əminik ki, musiqi tariximizin səlnaməsində Asəf Zeynallının adı silinməz hərflərlə həkk olunub. Dünən də, bu gün də, sabah da onun adı səslənəcək, onun sənəti ilham verəcək. Çünki əsl sənətkarlar nə ömürlərinin sayında, nə də adlarının uzunluğunda ölçülür — onların dəyəri ruhların yaddaşında, musiqinin sükutundadır.

 

 

 

Müəllif: Fuad BİLƏSUVARLI,
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media