Torpağa səcdədir sənin izlərin,
Tumurcuq arzulum, qönçə həvəslim.
Qorxub titrəməyən, nurdur gözlərin,
Vətən keşiyində igidim mənim…
Sağ-salamat qayıt, ömrüm uzansın,
Kövrək baxışlarım yığılsın yoldan.
Evim qədəminlə nura boyansın,
Sən neçə ananın duasındasan.
Hərəniz bir ümid, hərəniz bir eşq,
Hər gecə sizlərə duaçıyam mən.
Sənin dostların da mənim balamdır,
Bütün əsgərlərin anasıyam mən.
Hələ yollar çəkir gözlərim mənim,
Bilsən, necə uzun xəritələr var…
Bəlkə çatdıracaq duamı mənim –
Hər külək səsində anan Gülər var…
26.10.2025
Müəllif: Gülər Natiq İsaq
Mənbə: Azərbaycan.media
