“Əmək Pensiyaları haqqında” Qanuna əsasən, 2026-cı ildə yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Qanunun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq yenilənir.
Bu o deməkdir ki, pensiya kapitalları 2025-ci ilin inflyasiya səviyyəsinə əsasən artırılacaq.
Azərbaycan.media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib və bu göstərici 6 faiz səviyyəsində müəyyənləşdirilib.
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib”, – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, əgər Mərkəzi Bankın proqnozu dəyişməz qalarsa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq:
“Yəni, vətəndaşın 50 min manat pensiya kapitalı varsa, gələn il bu məbləğ təxminən 3 min manat artacaq. Dəqiq rəqəm isə yanvar ayında elan ediləcək. Bu artım vətəndaşların gələcəkdə daha yüksək pensiya alması və pensiya kapitalının inflyasiyadan qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
