🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ali məktəblər arasında “Zəfər” şahmat turniri keçirilib

Ali təhsil müəssisələri arasında “Zəfər” adlı şahmat turniri keçirilib. Yarış Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları AssosiasiyasıGənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan.media xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali məktəblər arasında əməkdaşlıq mühiti formalaşdırmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirməklə yanaşı, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.

Bakı İdman Sarayında keçirilən tədbirin açılışında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AHİK sədrinin müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, uğurlu gənclər siyasətindən bəhs ediblər. Onlar bu kimi yarışların gənclərin intellektual inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Daha sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə turnirin qaydalarını iştirakçılara izah edib və yarışa start verilib. 14 ali təhsil müəssisəsindən formalaşan 28 komanda (kişi və qadınlar üzrə ayrı) Rapid şahmat qaydaları əsasında, İsveçrə sistemi ilə 7 turda mübarizə aparıb.

Nəticələrə görə,
Qadınlar arasında:


I yer – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
II yer – Azərbaycan Dillər Universiteti
III yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti

Kişilər arasında:


I yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti
II yer – Bakı Ali Neft Məktəbi
III yer – Bakı Dövlət Universiteti

Qaliblər kubok, medal, fəxri fərman və hədiyyələrlə təltif olunublar.