Azərbaycan.media xəbər verir ki, nevroloq Aleksandra Alekina yaşlı insanlara qırmızı ət istehlakını azaltmağı tövsiyə edib. Onun sözlərinə görə, 55 yaşdan sonra qırmızı ət orqanizmə faydadan çox zərər verir və damarların tıxanmasına səbəb ola bilər.
Mütəxəssis bildirib ki, qırmızı ət və kolbasa kimi doymuş yağla zəngin məhsullar insult riskini artırır. Bu, beyni qanla təmin edən damarların tıxanması və ya daralması ilə əlaqədardır.
“Qırmızı ət yeyən yaşlı insanların işemik insult keçirmə ehtimalı daha yüksəkdir, çünki doymuş yağlar damarların elastikliyini azaldır və qan laxtalanmasına şərait yaradır. Qan laxtaları adətən arteriyaların daraldığı və ya yağ yığılan hissələrdə əmələ gəlir”, – Alekina qeyd edib.
Onun sözlərinə görə, quş əti, balıq, tofu, lobya və paxlalılar daha sağlam protein mənbələri sayılır və bu məhsulların istehlakı insult riskini azalda bilər.
Tədqiqat nəticələri göstərib ki, hər gün toyuq və ya hinduşka yeyən insanların insult riski, eyni miqdarda qırmızı ət yeyənlərlə müqayisədə 13 faiz daha azdır.
Nevroloq yaşlılara balanslı qidalanma və damar sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını minimuma endirməyi tövsiyə edib.
