🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsveçrənin ABŞ-a saat ixracı 55 faiz azalıb

Sentyabr ayında İsveçrədən ABŞ-a saat ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 faiz azalıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə İsveçrənin Saatçılar Federasiyası məlumat yayıb. Avqustda ixracda 23,9 faizlik azalma qeydə alınmışdı. Geri düşmənin əsas səbəbi isə Vaşinqtonun avqustdan etibarən İsveçrə saatlarına 39 faiz əlavə rüsum tətbiq etməsidir.

Yeni rüsumlar qüvvəyə minmədən əvvəl İsveçrə istehsalçıları ABŞ bazarında böyük ehtiyat yaratmağa nail olublar. Nəticədə apreldə bu ölkəyə saat ixracı 149 faiz artmışdı.

Sentyabrda İsveçrənin Böyük Britaniya, Çin, Sinqapur və Cənubi Koreyaya saat ixracı artdığı halda, Almaniya, Fransa və İtaliyaya göndərişlərdə azalma müşahidə olunub.

Ümumilikdə, sentyabrda İsveçrədən 2 milyard frank (təxminən 4,2 milyard manat) dəyərində saat ixrac edilib ki, bu da aylıq müqayisədə 3,1 faizlik artım deməkdir.