🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

SDU-da “Sözün Bəxtiyarı” tədbiri – Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub


Azərbaycan.media xəbər verir ki, oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sözün Bəxtiyarı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin Böyük Akt zalının foyesində təşkil edilən kitab sərgisinə baxış keçiriblər. Sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, seçilmiş əsərləri və onun yaradıcılığına həsr olunmuş ədəbiyyat nümunələri nümayiş etdirilib.

Daha sonra Prezident İlham Əliyevin xalq şairinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam səsləndirilib, eləcə də Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolundan, həmçinin ulu öndər Heydər Əliyevlə görüşlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxışında tədbir iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və ziyalılarına göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, dövlət başçısının Bəxtiyar Vahabzadənin yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncamı bu dəyərin bariz nümunəsidir.

Professor Əminağa Sadıqov Bəxtiyar Vahabzadə ilə görüşlərini xatırlayaraq, onun “Ana”, “Vətən” kimi mövzularda yazdığı əsərlərin dərin təsir gücündən söz açıb. O, xüsusilə “Gülüstan” poemasının ədəbiyyat tarixində və milli düşüncənin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Rektor, həmçinin, Bəxtiyar Vahabzadənin sovet dövründə xalqın milli şüurunun dirçəlişinə xidmət etdiyini, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının zəruriliyini xalqa çatdıran ziyalılardan biri olduğunu qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru Elnarə Akimova çıxış edərək, şairin çoxşaxəli yaradıcılığı, milli ruhu və vətəndaşlıq mövqeyi barədə geniş məruzə edib. O vurğulayıb ki, Bəxtiyar Vahabzadə təkcə şair kimi deyil, həm də ziyalı və vətənpərvər mövqeyi ilə Azərbaycan ədəbiyyatına və ictimai fikrə mühüm töhfələr verib.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan da çıxışında Bəxtiyar Vahabzadə ilə bağlı şəxsi xatirələrini bölüşüb. O, şairin poeziyasının dərin mənəvi qatlarından, azadlıq və yurd sevgisi ilə yoğrulmuş əsərlərinin əbədiliyindən danışıb.

SDU-nun Dil və ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyeva isə Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsindən bəhs edərək, onun yaradıcılığının gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Tədbirin bədii hissəsində universitetin tələbələri şairin poeziyasından nümunələr səsləndirib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Müğənni Hicran Əhmədovanın çıxışı, milli rəqslər və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Mənbə: Azərbaycan.media