🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda Qazaxıstan xalqını və Prezident Tokayevi milli bayram münasibətilə səmimi qəlbdən təbrik edib, ölkənin son illərdə əldə etdiyi mühüm uğurları yüksək qiymətləndirib.

“Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir”, – məktubda qeyd olunur.

Prezident İlham Əliyev xalqlarımızı birləşdirən ortaq tarixi-mədəni dəyərlərin, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin Azərbaycan-Qazaxıstan əməkdaşlığının möhkəm təməlini təşkil etdiyini vurğulayıb.

Dövlət başçısı həmçinin iki ölkə arasında 20 il əvvəl imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin xüsusi əhəmiyyətini qeyd edib və bu sənədin qarşılıqlı əlaqələrin strateji xarakterini əks etdirdiyini bildirib.

Məktubda, həmçinin, Prezident İlham Əliyevin bu yaxınlarda Qazaxıstana etdiyi dövlət səfəri zamanı əldə olunan razılaşmaların münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.

Sonda Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik, dövlət fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.