🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycana palma yağı idxalı 27 faiz azalıb

2025-ci ilin yanvar–avqust ayları ərzində Azərbaycana 38,4 milyon ABŞ dolları dəyərində 26,9 min ton “xam palma yağı və onun fraksiyaları” idxal olunub.

Azərbaycan.media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə palma yağı idxalı həcm baxımından 26,6 faiz (9,8 min ton), dəyər baxımından isə 10,7 faiz (4,6 milyon dollar) azalıb. 2024-cü ilin ilk səkkiz ayında ölkəyə 42,9 milyon dollar dəyərində 36,7 min ton palma yağı gətirilmişdi.

Hesabat dövründə 1 kiloqram palma yağının orta idxal qiyməti 2,42 manat təşkil edib. İdxalın əsas hissəsi İndoneziyadan (25,8 min ton), qalanı isə Malayziyadan (1,1 min ton) həyata keçirilib.

Qeyd edək ki, son onilliklərdə trans yağların əsas əvəzedicisi kimi istifadə edilən palma yağı yeyinti sənayesində – xüsusilə qənnadı məmulatları, dondurma, şokolad və çips istehsalında geniş tətbiq olunur. Bundan əlavə, palma yağı marqarin istehsalında da əsas xammallardan biridir. 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda 31,6 min ton marqarin istehsal edilib.