Azərbaycan.media xəbər verir ki, Teatr Xadimləri İttifaqının səhnəsində görkəmli dramaturq Əli Əmirlinin ssenarisi əsasında səhnələşdirilən “Kişi və qadın” pyesi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru Məhəmməd Verdizadə, musiqi müəllifi isə bəstəkar Gülnar Verdiyevadır. Səhnə əsəri boyu səslənən nəfis musiqi və rejissorun incə quruluş həlli tamaşaya xüsusi estetik ruh qatıb.
Tamaşada cəmi üç aktyor – Mahir Mirişli, Vüqar Məmmədəliyev və Könül Şahbazova çıxış etsə də, hər biri öz obrazı ilə baş rol təsiri yaradıb. Onların güclü ifası, səhnə harmoniyası və emosional səmimiyyəti tamaşa boyu auditoriyanı öz sehrinə salıb.
Sonda zal bir nəfər kimi “Çox gözəl!” nidaları ilə dolub, tamaşaçılar nə aktyorlardan, nə də yaradıcı heyətdən ayrılmaq istəməyiblər.
Bu, şübhəsiz ki, uğurlu bir sənət hadisəsidir.
Uğurunuz mübarək, bizləri həm sevindirən, həm də heyrətləndirən yaradıcı insanlar!
Təranə Məmməd
Mənbə: Azərbaycan.media




