Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub. Nazirlikdən Azərbaycan.media-ya verilən məlumata görə, çağırışla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB: Yaralı xəstəxanaya yerləşdirilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 06:30 radələrində Qaradağ rayonu ərazisində partlayışla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 44 yaşlı kişi sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
