🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günel Natiq yazır: Hamısı darıxmaqdandır…

 

Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır…

Ramiz Rövşənin şeirləri üçün darıxıram bəzən. O zaman bu şeirləri ucadan deyirəm, beləcə, darıxmaqdan xilas oluram.

Bir vaxtlar Ramiz Rövşənin bu misraları dilimdən düşməzdi:
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox…

O illər üçün, şeirin hələ yaralarımızı sarıdığı vaxtlar üçün darıxıram.
Keçmiş üçün darıxmaq mənim zəif cəhətimdir. Bəzən illər öncə qonaq getdiyim bir evin mətbəxi üçün darıxıram. Yeməkləri demirəm- nəsə bir ev,

ocaq istiliyi var mətbəxdə. Bəlkə də bu, doğmalıq hissi üçün darıxmaqdır.

“İt kimi darıxmaq”, -deyir bəzi gənc şairlər. Görəsən, it necə darıxır?
Özün üçün darıxmaq var bir də. Ruhunla baş-başa qala bilməyəndə bu halı keçirirsən. İstəyirsən tezliklə səssiz bir guşəyə çəkilib ruhunu dinləyəsən. Amma bu hissin çıxılmaz tərəfi də var- özünə həddən artıq aludə olmaq.

Görəsən, dahilər necə darıxır?
Məsələn, Brodski onu tərk edən sevgilisi Marianna üçün darıxanda belə yazmışdı:
Şadam ki, yer üzündə
Bizim aramızdakı məsafədən böyük ayrılıq yoxdur…

Bu, özünü ovutmaq idi. Amma şeirin hər

kəlməsi “darıxıram” deyib haray salırdı. O misralarda tənha bir hüzn var. Şair darıxır, oxucu isə o qərib tənhalıqda ovunur. Həm hüzn, həm də hüzur doludur bu şeirdə.

Tolstoy darıxanda hamıdan, hətta özündən qaçdı. Bu da darıxmağın başqa bir təzahürü idi.
Heç vaxt görmədiyin adamlar üçün darıxmaq var, bir də heç olmadığın yerlər üçün. Bəzən düşünürsən: “Görəsən, orda olsam, orda da darıxardım?”

İsa İsmayılzadənin “Tənhalıq” şeiri var, qərib axşamların, darıxmağın şeiri:
Bu axşam o axşama oxşayacaq yenə də,
Gəlib mənə qovuşacaq, gəlib sənə oxşayacaq…

Sonra şair sevdiyi qızda xoşladıqlarını sadalayır:
“Sənin saçın uzun idi, baxışların dərin idi…”
Bunlar da onun darıxdıqlarıdır.

Anna Axmatova bir şeirində “iki nəfərlik tənhalıq” üçün badə qaldırır.
Georq Büxner isə yazır: “Darıxmaq insanları nələrə məcbur eləmir ki… Darıxdıqları üçün elm oxuyurlar, dua edirlər, sevirlər, elçi gedirlər, uşaq dünyaya gətirirlər. Hamısını darıxdıqları üçün edirlər.” Maraqlı fikirdir, sən demə, bütün bunlar darıxmaqdan qurtulmaq üçündür!

Bu motiv Stendalın essesində daha açıq görünür: darıxmaq elə güclü bir hissdir ki, hətta insanın intihar üçün lazım olan cəsarətini də əlindən alır.
Bertran Rassel isə hesab edirdi ki, insan davranışındakı bezginliyin mənası düzgün qiymətləndirilməyib, ona layiq olduğu qədər diqqət yetirilməyib. Halbuki darıxmaq bütün zamanların ən güclü hərəkətverici qüvvəsidir.

Rasselin dediyini atalarımız sadə dillə belə izah ediblər: “Səndən hərəkət, məndən bərəkət”, “İşləməyən dişləməz”.

Darıxmaq həm də insanın daxili enerji səviyyəsi ilə bağlıdır. Enerjisi tükənir və darıxmağa başlayır.

Maksim Qorki bir hekayəsində yazırdı ki, insanlar bilmirlər nəyi və niyə axtarırlar, onların bütün səsi-küyü həyatın sıxıntısından xilas olmaq üçündür. Qorkinin əsərində təkcə insanlar yox, bütöv bir cəmiyyət darıxır. Darıxmaq rus həyatının sağalmaz xəstəliyidir.

Onun qəhrəmanı Platon ancaq “maraqsız” insanlarla əhatə olunub. Hamı darıxır: saatsaz Ananiy darıxdığından dostuyla mübahisə edir, ev sahibəsi vaxtını ördəklərlə keçirir, digəri isə yalnız pul yığmaqla məşğuldur. Heç nə yarıyuxulu Platonu darıxmaqdan xilas etmir.
“Tüstü kimi sızan sıxıntı gün-gündən daha da əzablı şəkildə özünü büruzə verir.”

Onun qəhrəmanı Platon ancaq “maraqsız” insanlarla əhatə olunub. Hamı darıxır: saatsaz Ananiy darıxdığından dostuyla mübahisə edir, ev sahibəsi vaxtını ördəklərlə keçirir, digəri isə yalnız pul yığmaqla məşğuldur. Heç nə yarıyuxulu Platonu darıxmaqdan xilas etmir.
“Tüstü kimi sızan sıxıntı gün-gündən daha da əzablı şəkildə özünü büruzə verir.”

Həyatın maraqlı tərəflərini o, ingilis Lesli Mortonla tanış olanda görür. Morton qəribə adam idi: özünü müxtəlif cildlərə salır, təlxəklik edir, quş səsi çıxarırdı. Platon onu təqlid etməyə çalışır, amma bu cəhd ona həyatı bahasına başa gəlir.

Qorkinin avtobioqrafik əsərinin ikinci hissəsində isə darıxmağın unikallığı açılır. İlk baxışda darıxdırıcı heç nə yoxdur, amma tacirlərdən biri danışır ki, onun xidmətçisi o qədər acgözdür ki, on funtluq donuz budunu iki saata yeyə bilər. Tamaşaçılar onu alqışlayır, oğlan isə yedikcə donuz buduna oxşayır. Qəhrəman bu səhnəni ikrahla seyr edir. Başa düşə bilmir: bu ciddi adamlarda insanları alçaltmaq hissi hardandır?

“Darıxmaq hissi soyuq və zəhlətökəndir, hər yerdən nəfəsi gəlir; darıxmaq hissi qarla örtülü torpaqdan, boz damlardan, kərpic binalardan, tüstü kimi qalxıb səmaya yayılır. Atlar da, insanlar da bu hissə yoluxurlar.”

Darıxan insan vaxtını hara sərf edəcəyini bilmir, çünki darıxmağın özü sərf olunacaq imkanlara əngəl olur. Görünür, darıxmaq elə bir hissdir ki, onunla çox şeyi təmizə çıxarmaq mümkündür.
Dostoyevskinin qəhrəmanı demişkən:
“Hamısı darıxmaqdandır, cənablar, hamısı darıxmaqdandır…”

 

Müəllif: Günel NATİQ

 

Mənbə: Azərbaycan.media