🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistanda daşınmaz əmlakla bağlı yeni qanun layihəsi narazılıq yaradıb

Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentində “Əmlak fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Ermənistan Əmlak Agentlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Andranik Arutyunovun sözlərinə görə, sənəddə daşınmaz əmlak reklamlarının məzmununun məhdudlaşdırılması bazarda mənfi təsirlərə səbəb ola bilər.

“Əgər qanun Ağrı dağına mənzərəsi olan evlərin reklamını qadağan edərsə, bu, həmin əmlakların qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq”, – deyə Arutyunov “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Qanun layihəsinə əsasən, daşınmaz əmlak reklamlarında müəyyən format və terminologiya müəyyən ediləcək. Bu isə sektor nümayəndələrinin fikrincə, bazar iştirakçılarının yaradıcı yanaşmasını məhdudlaşdıracaq.

“Bütün mənzillər standart formada təqdim oluna bilməz. Məsələn, döşəmənin və ya divarların hansı materialla örtüldüyünü təsvir etmək vacibdir. Satıcılar hər vəziyyət üçün öz marketinq strategiyasını seçmək imkanına malik olmalıdırlar”, – deyə ekspert əlavə edib.

Arutyunov bildirib ki, reklamlarda bəzən qeyri-dəqiqliklər ola bilər və bu hallarda cərimə tətbiqindən öncə sahibkarlara düzəliş üçün müəyyən vaxt verilməlidir.

Layihədə həmçinin daşınmaz əmlakla bağlı vahid məlumat bazasının yaradılması nəzərdə tutulur. Bu sistem satış elanlarında dərc olunan məlumatların etibarlılığını artırmaq və əməliyyatlara nəzarəti gücləndirmək məqsədi daşıyır.

Ekspert qeyd edib ki, Assosiasiya qanun layihəsinin müəlliflərinə və Kadastr Komitəsinə bir sıra təkliflər təqdim edib:
“Bəzi düzəlişlər layihənin ilkin mərhələsində nəzərə alınıb. Qalan təkliflərin isə parlamentin növbəti oxunuşlarında qiymətləndiriləcəyi gözlənilir. Amma hazırda sənaye nümayəndələri üçün vəziyyət qənaətbəxş deyil. Qanunun son variantının nə qədər balanslı olacağı zaman göstərəcək.”